Azərbaycanda dövlət və özəl iş portallarında minlərlə vakansiya elan edilsə də, iş axtaranların böyük hissəsi müraciətlərinə cavab ala bilmir.
Rəsmi statistikaya görə, 2025-ci ildə “Vakansiya bankı”na 572 mindən çox iş elanı daxil edilib, dekabr ayının sonunda 61,5 min aktiv vakansiya qeydə alınıb.
Lakin bu rəqəmlərin arxasında iş axtaranların gündəlik təcrübəsi ilə üst-üstə düşməyən başqa bir reallıq dayanır.
“Hər gün müraciət edirəm, cavab gəlmir”
İş axtaranlar üçün gün çox vaxt eyni ssenari ilə başlayır: vakansiya saytlarını yeniləmək, CV göndərmək və gözləmək.
Uzun müddətdir iş axtaran Aynur (ad şərtidir) vəziyyəti belə təsvir edir:
“Vakansiyaların çoxu tələblərimi qarşılamır. Yazılan şərtlərə baxırsan, insanları istismar etmək məqsədi daşıyır. Demək olar, hər gün marağımda olan sahə ilə bağlı internetdəki vakansiyalara müraciət edirəm. Məncə, onların çoxunu yalandan yerləşdiriblər”.
Elan var, iş yoxdur
Bəzi iş axtaranlar hesab edir ki, bütün vakansiyalar real işçi axtarışını əks etdirmir. Elə Aynur da bu yanaşmanı öz təcrübəsi ilə izah edir:
“Məhz şirkət özünü diqqətdə saxlamaq üçün boş vakansiya elan edir. Əvvəl bunu anlamırdım, amma bu yaxınlarda qarşıma çıxan bir vakansiya bunu düşünməyə vadar etdi. SMM-operator işi yazıblar, təcrübə, təhsil və dil tələbləri yoxdur. Mən də ali təhsili olan, işlədiyi sahələrlə bağlı portfolioya sahib təcrübəli biri olaraq bu işə müraciət etdim. Cavab gəlmədi”.
Bəs bütün vakansiyalar həqiqətən də real işçi axtarışına xidmət edirmi?
İnsan resursları üzrə mütəxəssis Sevil Mahmudlu qeyd edir ki, bəzi hallarda vakansiyaların yerləşdirilməsi fərqli məqsədlərlə də bağlı ola bilər:
“Bəzi hallarda vakansiyalar CV bazası toplamaq, əmək bazarını yoxlamaq və alternativ namizədlər üçün ehtiyat namizəd bazası yaratmaq məqsədilə yerləşdirilə bilər. Həmçinin bəzən daxili namizəd artıq müəyyənləşdirilmiş olur, lakin prosedur baxımından vakansiya açıq şəkildə paylaşılır”.
“Dövlət sirri” kimi iş şərtləri
Şəffaflıq problemi yalnız elanların reallığı ilə bitmir. İş şərtləri, xüsusilə iş saatları və maaş çox vaxt elanda göstərilmir və namizədlər bu məlumatı yalnız müsahibədə öyrənir.
“Bir dəfə iş saatı haqqında məlumat verməyən bir yerə getdim, üz-üzə deyəcəklərini dedilər. Elə bil, dövlət sirridir. Mən bilirdim ki, iş saatı çox olacaq, yəni, günlük 9 saatlıq bir müddət olacağını düşünüb getdim. Səhər saat 9-dan axşam 8-ə qədər olacağını eşidəndə çox təəccübləndim. Özləri də utandıqlarından iş saatını gizlədirlər”, - Aynur deyir.
Aynura deyilən 11 saatlıq iş rejimi qanunvericilikdə nəzərdə tutulan normal iş vaxtı çərçivəsindən kənara çıxır.
Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 89-cu və 90-cı maddələrinə əsasən, gündəlik normal iş vaxtının müddəti 8 saatdan, həftəlik normal iş vaxtı isə 40 saatdan artıq ola bilməz.
Bu tələblərə əməl olunmasına Dövlət Əmək Müfəttişliyi Xidməti nəzarət edir və pozuntu hallarında işəgötürən inzibati məsuliyyət daşıya bilər.
Geridönüş mədəniyyətinin olmaması
Azərbaycan əmək bazarında geniş yayılmış problemlərdən biri müraciətlərə ümumiyyətlə geri dönüş edilməməsidir.
İnsan resursları mütəxəsisi Sevil Mahmudlu deyir ki, təcrübədə bütün müraciətlərə geri dönüş etmək mümkün olmur:
“Xüsusilə kütləvi vakansiyalarda müraciətlərin yalnız təxminən 10-30 faizinə ilkin və ya tam geri dönüş edilir”.
Mahmudluya görə, bu göstərici şirkətin HR resurslarından və proseslərin avtomatlaşdırılma səviyyəsindən çox asılıdır.
Sadə dillə desək, hər on müraciətdən ən yaxşı halda üçü cavab alır. Qalan yeddisi, bəlkə doqquzu havada qalır. Namizəd bilmir ki, müraciəti rədd edilib, yoxsa hələ nəzərdən keçirilir, yoxsa ümumiyyətlə açılmayıb.
Bir aydır işləyən digər müsahibimiz Tahir (ad şərtidir) də müraciətlərinin çox vaxt cavabsız qaldığını deyir:
“Məsələn, altı ay əvvəl çatdırılma şirkətlərindən birinə kurator vəzifəsi üçün müraciət etmişdim. Onlayn müsahibədən keçsəm də, uzun müddət heç bir cavab almadım. Yerli nümayəndələrdən geri dönüş olmayınca, Qazaxıstandan olan kuratora yazdım və yalnız bundan sonra HR mənə cavab verdi. Nəticədə, Azərbaycanda keçirilən müsahibənin cavabını başqa ölkədən təxminən bir ay sonra aldım”.
Struktur problemi: “Nepotizm və qapalı bazar”
İş axtaranların yaşadığı çətinliklər sadəcə texniki və ya prosedur xarakterli deyil. İqtisadçılar problemin kökünün daha dərin, struktural səviyyədə olduğunu vurğulayır.
İqtisadçı Rövşən Ağayevin fikrincə, Azərbaycanda əmək bazarı daha çox qapalı münasibətlər üzərində formalaşır:
“Azərbaycanda iqtisadi mühit rəqabətli deyil və şirkətlərin brend görünürlüyünü göstərmək kimi bir qayğıları da yoxdur. Əksinə, çox qapalı bir mühit var, biznes mümkün olduğu qədər pərdə arxasında qalmağa çalışır. Onsuz da Azərbaycanda dövlət sektorunda olduğu kimi özəl sektorda da nepotizm çox geniş yayılıb. Biznes öz ailə üzvləri və birinci dərəcədən olan yaxın qohum-əqrəba ilə, bir az çərçivəni genişləndirsə, çox yaxın dost-tanışla işləməyə üstünlük verir”.
Bəs şirkətlər kənardan işçini nə zaman axtarır?
Rövşən Ağayevin fikrincə, şirkətlər açıq vakansiyalara adətən ehtiyac yarandıqda üz tutur:
“Bu çevrə arasında xüsusi mürəkkəblik və bilik-bacarıq tələb edən işləri görməyə kadr tapa bilməyəndə, ya da onlara rəva görmədikləri qara işləri görməyə ehtiyac hiss edəndə publik vakansiya elan edib işçi axtarırlar”.
Vakansiya saytları: Aktual, yoxsa arxiv?
Əmək bazarının rəqəmsal infrastrukturu da problemsiz deyil.
İqtisadçı Toğrul Vəliyev Azərbaycanı Rusiya ilə müqayisə edərək fərqi belə izah edir:
“Rusiyada iri portallar var və insanlar çox vaxt məhz onlar vasitəsilə iş tapır. İşəgötürənlər də işçiləri əsasən həmin platformalar üzərindən seçir. Amma Azərbaycanda bu saytların sayı çoxdur və onlar parçalanmış şəkildə fəaliyyət göstərir”.
Vəliyev diqqəti daha böyük problemə, elanların aktuallığına çəkir:
“Bir çox hallarda deyə bilmərəm ki, vakansiyalar aktualdır. Bəzi elan saytlarına baxanda görürsən ki, orada bir ildir qalan elan var”.
Vəliyevin də vurğuladığı kimi, aktual olmayan elanlar iş axtaranlarda həm vakansiyaların reallığı, həm də platformaların etibarlılığı ilə bağlı suallar yaradır.
Rəqəmlər arxasındakı reallıq
Azərbaycanın rəsmi statistikası ilk baxışdan nikbin mənzərə yaradır. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2025-ci ildə iqtisadi fəal əhalinin sayı 5,38 milyon, məşğul əhali isə 5,1 milyondur. Rəqəmlərə baxdıqda, işsizlik cəmi 5 faiz ətrafında görünür.
Lakin burada ciddi metodoloji sual var. Dövlət Statistika Komitəsinin məşğulluq meyarına görə, həftədə cəmi bir saat iqtisadi fəaliyyətlə məşğul olan şəxs artıq “işsiz” sayılmır. Bu təriflə, bazarda ərzaq satan, həftədə bir neçə saat təsadüfi iş görən və ya qeyri-rəsmi sektorda minimum gəlir əldə edən milyonlarla insan “məşğul” kateqoriyasına düşür.
Rəqəmlərin içinə baxdıqda isə mənzərə dəyişir. Həmin 5,1 milyon “məşğul” insandan yalnız 1 milyon 797 min nəfəri, yəni, üçdə birindən azı rəsmi əmək müqaviləsi ilə çalışır. Bu, o deməkdir ki, məşğul sayılan əhalinin böyük əksəriyyəti formal iqtisadiyyatdan kənardadır.
Gənclər üçün vəziyyət daha da ağırdır. Özəl sektorda rəsmi işçilərin sayı cəmi 916 min nəfərdir. Korporativ vakansiyalar məhz bu dar bazarı hədəfləyir və burada rəqabət çox kəskindir.
282 min rəsmi işsizin 66 mini 20-24 yaş, 38 mini isə 25-29 yaş qrupundadır. Bu göstəricilər əmək bazarına yeni daxil olan gənclərin iş tapmaqda çətinlik çəkdiyini göstərir. Ali təhsilli muzdla işləyənlərin 420 mini dövlət, 375 mini özəl sektordadır. Bu nisbət göstərir ki, ali təhsilli gənclərin dövlət sektoruna meyli çox vaxt seçim yox, məcburiyyətdir.
Neft gəlir gətirir, iş yeri yox
Mütəxəssislərə görə, Azərbaycan iqtisadiyyatının əsas gəlir mənbəyi olan neft-qaz sektoru məşğulluq baxımından, demək olar ki, görünməzdir.
Statistika Komitəsinin məlumatlarına əsasən, rəsmi maaşla işləyənlərin cəmi 1,7 faizi bu sektordadır. 5,1 milyonluq məşğul əhalinin isə yalnız 0,6 faizi neft-qaz sektorunda çalışır.
Buna baxmayaraq, sektorlar arası maaş fərqi çox böyükdür. Neft-qaz sektorunda orta əməkhaqqı 3.835 manat, qeyri-neft-qaz sektorunda isə cəmi 1.035 manatdır. Aradakı fərq dörd dəfəyə yaxındır.
Ölkənin ən çox gəlir gətirən sektoru, demək olar ki, iş yeri yaratmır.
Real kütləvi məşğulluq isə aşağı maaşlı xidmət və istehsalat sahələrindədir. Tələb və təklif arasındakı bu uçurum gənclərdə “vakansiya var, iş yoxdur” hissini gücləndirən əsas amillərdən biridir.