1937-ci il siyasi repressiyalarının qurbanlarından biri olmuş Cabbar Fərəcovun oğlu Mahmud Fərəciyev Azərbaycan hökumətindən ailəsinə vurulmuş maddi və mənəvi zərərə görə 1 milyon manat kompensasiya tələb edir. Bununla bağlı o, məhkəməyə müraciət edib.
“Azadlıq Radiosu”nun məlumatına görə, 1876-cı il təvəllüdlü Cabbar Fərəcov 1937-ci ildə “antisovet fəaliyyəti” ittihamı ilə həbs olunub. Daha sonra onun 35 yaşlı həyat yoldaşı Şükufə və 4 yaşlı oğlu Sadıqla birlikdə Qazaxıstanın Cambul vilayətinə sürgün edildiyi bildirilir.
Ailə sürgünədək Zəngilan rayonunun Qıraq Müşlan kəndində yaşayıb. Fərəcov həbs edildikdən sonra ailənin evi və əmlakı müsadirə olunub.
Mahmud Fərəciyev isə 1952-ci ildə Qazaxıstanda, sürgündə doğulub.
1989-cu ildə Azərbaycan SSR Daxili İşlər Nazirliyinin rəyi əsasında Cabbar Fərəcov və ailəsinin sürgün olunması qanunsuz hesab edilərək ləğv olunub. Həmin qərarla ailə üzvləri, o cümlədən sürgündə doğulan Mahmud Fərəciyev də siyasi repressiya qurbanı kimi tanınıb.
Hazırda 74 yaşı olan Fərəciyev ailəsinin itirdiyi mülki və əmlak hüquqlarının bərpasını, həmçinin tarixi vətəni Azərbaycana qayıdaraq burada yaşamaq üçün vətəndaşlıq almağı istəyir.
“Qanunsuz siyasi repressiyalar nəticəsində mən doğulduğum gündən hüquq və azadlıqlarımdan məhrum olmuşam. Doğma vətənimdə yaşamaq imkanım olmayıb”, - o, məhkəməyə təqdim etdiyi ərizədə qeyd edib.
Fərəciyev iddiasını 1996-cı ildə qəbul edilmiş “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” qanuna əsaslandırıb. Həmin qanuna görə, sürgün yerlərində doğulan uşaqlar repressiyadan zərər çəkmiş şəxslər hesab olunur.
Məhkəmədə cavabdeh qismində Maliyyə Nazirliyi göstərilib. Nazirlik isə iddiaya etiraz edərək bildirib ki, sözügedən qanunda repressiya qurbanlarının hüquqlarının bərpası nəzərdə tutulsa da, dövlət büdcəsi hesabına kompensasiya ödənilməsi ilə bağlı öhdəlik müəyyən edilməyib.
Nazirliyin etirazında qeyd olunub ki, qurum iddiaçının hüquqlarını pozan hər hansı qanunsuz hərəkətə yol verməyib və tələb olunan mənəvi zərərlə Maliyyə Nazirliyinin fəaliyyəti arasında səbəbli əlaqə yoxdur.
Nəsimi Rayon Məhkəməsi Mahmud Fərəciyevin iddiasını təmin etməyib.
Məhkəmə qərarında vurğulanıb ki, “Siyasi repressiya qurbanlarına bəraət verilməsi haqqında” qanun keçmiş repressiyaları hüquqazidd hesab etsə də, dövlət həmin pozuntulara görə ümumi və avtomatik maddi kompensasiya öhdəliyi götürməyib.