“Tərtər işi” üzrə işgəncə nəticəsində həyatını itirdiyi bildirilən hərbçilərin ailələrinin şikayəti əsasında Avropa İnsan Haqları Məhkəməsi Azərbaycan hökumətinə rəsmi sorğu göndərib. Şikayətçilər bildirirlər ki, onların yaxınları işgəncə altında öldürülüb və hadisələrlə bağlı effektiv istintaq aparılmayıb
Avropa İnsan Haqları Məhkəməsi (AİHM) Tərtər hadisələri zamanı işgəncə nəticəsində həyatını itirmiş hərbçilərin ailə üzvlərinin şikayəti üzrə Azərbaycan hökumətinə rəsmi kommunikasiya göndərib.
“Azadlıq Radiosu”nun məlumatına görə, məhkəmə polkovnik Saleh Qafarovun həyat yoldaşı Natəvan Qafarovanın və hərbi qulluqçu Elçin Quliyevin anası Validə Əhmədovanın şikayətləri əsasında kommunikasiya prosesinə başlayıb.
Şikayətçilər AİHM-ə təqdim etdikləri ərizədə bildiriblər ki, onların ailə üzvləri “dövlətə xəyanət” ittihamı ilə dindirmə zamanı işgəncəyə məruz qalıb və nəticədə həyatlarını itiriblər.
Hadisələrlə bağlı Hərbi Prokurorluqda cinayət işi başlanıb. Rəsmi qərarda qeyd olunub ki, polkovnik Saleh Qafarov dindirmə zamanı özünü pəncərədən atdığı üçün aldığı xəsarətlər nəticəsində ölüb. Elçin Quliyevin isə dindirmə zamanı ona yetirilən xəsarətlərdən həyatını itirdiyi bildirilib.
Şikayətçilər vurğulayırlar ki, Qafarovun intihar həddinə çatdırılması, hər iki hərbçiyə ağır xəsarət yetirilməsi, vəzifə səlahiyyətlərindən sui-istifadə və digər ittihamlarla beş nəfər cinayət məsuliyyətinə cəlb olunub və onlara 5-6 il həbs cəzası verilib. Lakin ailə üzvləri bu cəzaların yetərli olmadığını düşünür.
Natəvan Qafarova və Validə Əhmədova ərizələrində Avropa İnsan Hüquqları Konvensiyasının 2-ci (yaşamaq hüququ) və 3-cü (işgəncəyə və pis rəftara məruz qalmamaq hüququ) maddələrinin pozulduğunu iddia edirlər. Onların fikrincə, ailə üzvləri işgəncə altında öldürülüb, lakin yerli istintaq və məhkəmə orqanları hadisələri effektiv araşdırmayıb.
Şikayətçilər hesab edir ki, təqsirləndirilən şəxslərə “intihar həddinə çatdırma” deyil, birbaşa “qəsdən adam öldürmə” ittihamı verilməli idi.
Natəvan Qafarova ərizəsində həmçinin Konvensiyanın 8-ci – şəxsi və ailə həyatına hörmət hüququnun da pozulduğunu qeyd edib. O bildirib ki, həyat yoldaşı heç bir təqsiri olmadan işgəncə altında öldürülüb, ailəsinə isə uzun müddət onu normal şəkildə dəfn etməyə və məzarını ziyarət etməyə imkan verilməyib.
AİHM Azərbaycan hökumətinə ünvanladığı sorğuda üç əsas məsələyə aydınlıq gətirilməsini istəyib: hərbçilərin işgəncəyə və insan ləyaqətini alçaldan rəftara məruz qalıb-qalmadığı, onların yaşamaq hüququnun pozulub-pozulmadığı və hadisələrlə bağlı effektiv araşdırmanın aparılıb-aparılmadığı.
Şikayətçilər həm istintaq, həm də məhkəmə mərhələsində bir sıra yüksəkvəzifəli şəxslərin məsuliyyətə cəlb olunmasını tələb etdiklərini bildiriblər. Onların sırasında keçmiş hərbi prokuror, hazırda Xanlar Vəliyev, Tərtər hadisələri zamanı onun müavini olmuş, hazırda Abşeron rayon prokuroru vəzifəsində çalışan Şəfahət İmranov, müdafiə naziri Zakir Həsənov, keçmiş Baş Qərargah rəisi Nəcməddin Sadıqov və sabiq korpus komandiri Hikmət Həsənov da var.
Validə Əhmədova “Azadlıq Radiosu”na açıqlamasında bildirib ki, adı çəkilən şəxslər heç şahid qismində belə dindirilməyib:
“Bu adamlar, heç olmasa, məhkəməyə çağrılıb dindirilmədən hansı ədalətli araşdırmadan söhbət gedə bilər? Dəfələrlə vəsatət verilsə də, şahid qismində belə çağırıb dindirmədilər. “Tərtər işgəncələri” ilə bağlı ədalətli araşdırma aparıldığını demək absurddur.”
Saleh Qafarovun ölümündən sonra bir il ərzində onun üzərində “dövlətə xəyanət” ittihamı qüvvədə qalıb. Daha sonra - 2018-ci il mayın 4-də Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə başlanmış cinayət işinə bəraətverici əsaslarla xitam verilib.
Elçin Quliyev haqqında qərar isə 2022-ci il yanvarın 31-də ləğv olunub və ona da rəsmi bəraət verilib.
2017-ci ilin mayında Tərtərdə hərbçilərə qarşı tətbiq olunan kütləvi işgəncələr nəticəsində 11 nəfər həyatını itirib.
2021-ci ilin dekabrında “Tərtər işi” üzrə yenidən istintaq başlanandan sonra 452 nəfər zərərçəkmiş qismində tanınıb. Onların arasında işgəncələrə məruz qalan şəxslərlə yanaşı, həyatını itirənlərin hüquqi varisləri olan ailə üzvləri də yer alır.
Tərtər işgəncələri ilə bağlı cinayət məsuliyyətinə cəlb olunan şəxslərdən üç qrup üzrə ümumilikdə 13 nəfər mühakimə olunub. Onlara 4 il 10 aydan 13 ilədək həbs cəzası verilib. Təqsirləndirilən şəxslər hökmdən apellyasiya və kassasiya instansiyalarına şikayət ediblər.
Zərərçəkən tərəf isə verilən cəzaları yüngül hesab edir. Onların fikrincə, hadisələrin əsas təşkilatçıları məsuliyyətdən kənarda qalıb.