“İşçi Masası” Həmkarlar İttifaqları Konfederasiyasının üzvü Elvin Mustafayevin 17 saylı Cəzaçəkmə Müəssisəsində fiziki zorakılığa və işgəncəyə məruz qaldığı bildirilir.
Bu barədə hazırda Bakı İstintaq Təcridxanasında saxlanılan fəalın yaxınları “Abzas Media”ya məlumat verib.
Yaxınlarının sözlərinə görə, hadisə mayın 9-da, səhər saatlarında baş verib. Bildirilir ki, Elvin Mustafayev saxlanıldığı müəssisədən müxtəlif dövlət qurumlarına şikayət və müraciətlər göndərmək istəsə də, müəssisə rəhbərliyi buna imkan verməyib. İddialara görə, müraciətlərin göndərilməsindən imtina olunması müəssisə əməkdaşları ilə Mustafayev arasında gərginliyə səbəb olub.
Məlumata əsasən, həmin vaxt Elvin Mustafayev cəzasının çəkilməmiş hissəsinin şərti hesab olunması ilə bağlı müraciətinə görə Bakı İstintaq Təcridxanasına köçürülməli idi. Köçürülməzdən əvvəl müəssisə rəhbərliyi ondan saqqalını qırxmağı tələb edib. Mustafayev bu tələbin qanunsuz olduğunu bildirərək etiraz etdiyini deyib.
Onun yaxınlarının bildirdiyinə görə, bundan sonra müəssisənin təxminən 10 əməkdaşı ona qarşı fiziki güc tətbiq edib. İddialarda rəis müavini olduğu deyilən polkovnik-leytenant Emin adlı şəxs, kapitan Elnur Zeynalov, mayor rütbəli Tural adlı əməkdaş və digər serjant rütbəli şəxslərin iştirak etdiyi qeyd olunur.
Elvin Mustafayevin sözlərinə görə, o, yumruq və təpiklə döyülüb, bədəninin müxtəlif nahiyələrinə xəsarətlər yetirilib. Daha sonra əməkdaşların onun qollarını zorla tutaraq saqqalını məcburi şəkildə qırxdığı bildirilir. Bundan sonra o, Bakı İstintaq Təcridxanasına aparılıb.
Yaxınları deyir ki, Mustafayev təcridxanaya gətirilərkən bədənində görünən və görünməyən çoxsaylı xəsarətlər olub. Lakin həmin xəsarətlərin rəsmi qaydada qeydə alınıb-alınmaması barədə məlumat verilməyib.
Bildirildiyinə görə, Elvin Mustafayevin atası sonradan Bakı İstintaq Təcridxanasına gedərək onunla görüşmək istəsə də, buna icazə verilməyib. Görüşdən imtinanın səbəbi ailəyə açıqlanmayıb.
Mayın 12-də Elvin Mustafayev atası ilə telefon danışığı zamanı döyülməsi və müəssisədə baş verənlərlə bağlı məlumat verməyə çalışarkən əlaqənin qəfil kəsildiyi bildirilir. Onun daha sonra Təcridxananın rejim rəisinin qəbuluna gedərək telefon danışıqlarına müdaxilə edilməsinin qanunsuz olduğunu dediyi, lakin etirazlarına məhəl qoyulmadığı qeyd olunur.
Yaxınlarının sözlərinə görə, Elvin Mustafayev həbs olunmazdan əvvəl də ciddi sağlamlıq problemlərindən əziyyət çəkib. Onun onurğa problemləri və protruzia diaqnozu ilə müalicə aldığı bildirilir. Mustafayevin dediyinə görə, mayın 9-da məruz qaldığı zorakılıq nəticəsində ağrıları daha da şiddətlənib. O, həmçinin boyun nahiyəsinə dəyən zərbələr səbəbindən bir neçə gün başını normal hərəkət etdirə bilmədiyini bildirib.
İddialara görə, hadisədən 10 gün keçməsinə baxmayaraq, Elvin Mustafayevin qollarında hələ də göyərmə və qızartı izləri qalır. Buna baxmayaraq, onun tibbi müayinədən keçirilmədiyi bildirilir. Yaxınları döyülmə faktı ilə bağlı prokurorluğa müraciət ediləcəyini deyir.
Elvin Mustafayev 2023-cü il yanvarın 31-də 3 il müddətinə azadlıqdan məhrum edilib. Ona əvvəlcə satış məqsədilə külli miqdarda narkotik daşıma ittihamı irəli sürülsə də, sonradan məhkəmə ittihamı dəyişərək onu satış məqsədi olmadan külli miqdarda narkotik saxlamaqda təqsirli bilib.
Mustafayev ittihamları qəbul etmir və həbsinin siyasi fəaliyyəti ilə bağlı olduğunu bildirir. Hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyırlar. Onların məlumatına görə, hazırda Azərbaycanda 328 siyasi məhbus var. Rəsmi qurumlar isə ölkədə siyasi məhbusların olması ilə bağlı iddiaları qəbul etmir.
Foto: Fərqanə Novruzova