Fazil Qasımov və Hafiz Babalı WUF13-ün ilk günündə aclığa başladıqlarını elan ediblər

Fazil Qasımov və Hafiz Babalı WUF13-ün ilk günündə aclığa başladıqlarını elan ediblər
18 May 2026
Mətni dəyiş

2 saylı Cəzaçəkmə Müəssisəsində saxlanılan siyasi məhbuslar – iqtisadçı Fazil Qasımov və “Abzas Media işi” üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı aclıq aksiyasına başladıqlarını elan ediblər.

Bu barədə onların yaxınları “Abzas Media”ya məlumat verib.

Yaxınlarının sözlərinə görə, Fazil Qasımov və Hafiz Babalı aclıq aksiyasına mayın 17-də - Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumu (WUF13) başlayan gün start veriblər.

“Azərbaycanda mövcud olan siyasi məhbus probleminə beynəlxalq ictimaiyyətin diqqətini çəkmək və ölkəmizdə aparılan siyasi repressiyalara etiraz etmək məqsədilə mayın 17-si saat 15:00-dan etibarən aclıq aksiyasına başladığımızı elan edirik. WUF13-də iştirak edən BMT-nin rəhbər şəxslərindən, eləcə də dövlət və hökumət başçılarından xahiş edirik ki, Azərbaycan rəsmiləri ilə keçirəcəkləri görüşlərdə siyasi məhbusların qeyd-şərtsiz azadlığa buraxılmasına çağırış etsinlər”, - siyasi məhbusların yaxınları vasitəsilə yayılan bəyanatda deyilir.

Fazil Qasımov ailəsinin sözlərinə görə, o, Ali Məhkəmənin Plenumuna və Nərimanov Rayon Məhkəməsinə göndərdiyi ərizələrə baxılmayınca aclıq aksiyasını dayandırmayacağını deyib.

İqtisadçı Nərimanov Rayon Məhkəməsinə müraciətində 11 sentyabr 2023-cü ildə müdafiəçisi Eldar Qədiminin saxta ərizə əsasında cinayət prosesindən uzaqlaşdırılması barədə qərarın ləğvini, qərarın qanunsuz hesab olunmasını və müstəntiq Yusif Yusifov barəsində xüsusi qərar çıxarılmasını tələb edir. Qasımov iddia edir ki, onun adından yazılmış və imzalanmış ərizə saxtadır, ekspertiza da imzanın ona məxsus olmadığını təsdiqləyib.

Ali Məhkəmənin Plenumuna göndərdiyi ərizədə isə Fazil Qasımov onun işi üzrə ifadə vermiş BMCMİ əməkdaşlarının, xüsusilə Ramil Səlimovun məhkəmədə bilərəkdən yalan ifadə verdiyini bildirir. O, bu halların yeni açılmış vəziyyət kimi qiymətləndirilməsini, Bakı Apellyasiya Məhkəməsinin qərarının ləğv olunmasını və cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini və ya işin yenidən baxılması üçün birinci instansiyaya qaytarılmasını istəyir.

***

Fazil Qasımov bir müddət Türkiyədə yaşayıb. O, 2023-cü il avqustun 8-də İstanbulda saxlanılaraq Azərbaycana gətirilib. Qasımov iqtisadçı Qubad İbadoğluna qarşı açılmış cinayət işi üzrə həbs olunub və Cinayət Məcəlləsinin 204.3.1-ci maddəsi ilə ittiham edilir.

Bu iş üzrə Qubad İbadoğlu barəsində əvvəl ev dustaqlığı, daha sonra polis nəzarətinə vermə qətimkan tədbiri seçilib və onun işi ayrıca icraata ayrılıb. Fazil Qasımov isə 2025-ci il martın 13-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 9 il azadlıqdan məhrum edilib.

***

Hafiz Babalı 2023-cü ilin dekabrında “Abzas Media işi” üzrə saxlanılıb. Həmin iş çərçivəsində “Abzas Media”nın direktoru Ülvi Həsənli, baş redaktor Sevinc Vaqifqızı, layihə koordinatoru Məhəmməd Kekalov, jurnalistlər Elnarə Qasımova, Nərgiz Absalamova və “Azadlıq Radiosu”nun əməkdaşı Fərid Mehralızadə də həbs olunub.

2025-ci il iyunun 20-də məhkəmə Ülvi Həsənli, Sevinc Vaqifqızı, Hafiz Babalı və Fərid Mehralızadəni 9 il, Nərgiz Absalamova və Elnarə Qasımovanı 8 il, Məhəmməd Kekalovu isə 7 il 6 ay müddətinə azadlıqdan məhrum edib. Sentyabrın 9-da Bakı Apellyasiya Məhkəməsi hökmü qüvvədə saxlayıb.

Yerli və beynəlxalq hüquq müdafiə təşkilatları hər iki şəxsi siyasi məhbus kimi tanıyır.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun