Tramp Hörmüzdə blokadada qalan gəmilərin ABŞ-nin müşayiəti ilə çıxarılacağını elan edib

Tramp Hörmüzdə blokadada qalan gəmilərin ABŞ-nin müşayiəti ilə çıxarılacağını elan edib Foto: White House Photo
4 May 2026
Mətni dəyiş

ABŞ prezidenti Donald Tramp Hörmüz boğazında blokadada qalan xarici gəmilərin çıxarılması məqsədilə “Azadlıq Layihəsi” adlı missiyanın başladıldığını elan edib. O, bu barədə “Truth Social” sosial şəbəkəsində paylaşım edib.

Tramp bildirib ki, ABŞ bu təşəbbüs çərçivəsində boğazda qalmış gəmiləri müşayiət edərək onların təhlükəsiz şəkildə ərazini tərk etməsinə kömək edəcək. Onun sözlərinə görə, “dünyanın müxtəlif ölkələri ABŞ-dən öz gəmilərinin azad edilməsinə yardım göstərilməsini xahiş edib”.

O əlavə edib ki, söhbət “Yaxın Şərqdəki cari hadisələrlə əlaqəsi olmayan regionlara aid gəmilərdən” gedir və müşayiət missiyasını ABŞ və Yaxın Şərq ölkələrinin, “xüsusilə də İranın” iştirakı ilə həyata keçirilən “humanitar jest” kimi qiymətləndirib.

Trampın sözlərinə görə, “Azadlıq Layihəsi” bu gün- mayın 4-dən etibarən fəaliyyətə başlayacaq. O, həmçinin qeyd edib ki, ABŞ nümayəndələri İranla “çox müsbət danışıqlar” aparır və bu müzakirələr “hamı üçün müsbət nəticələrə gətirib çıxara bilər”.

ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı isə açıqlayıb ki, missiya əsasən kommersiya gəmilərinin müşayiətini nəzərdə tutur. Bununla belə, İran limanlarına tətbiq olunan dəniz blokadası qüvvədə qalır.

Hərbi komandanlığın məlumatına görə, “Azadlıq Layihəsi” çərçivəsində idarə olunan raket silahları ilə təchiz edilmiş esmineslər, 100-dən çox hava və dəniz vasitəsi, pilotsuz platformalar və 15 min hərbçi cəlb olunacaq.

“CNN”in hesablamalarına görə, Hörmüz boğazında blokadada qalan dənizçilərin sayı təxminən 20 min nəfərdir.

İran parlamentinin xarici siyasət və milli təhlükəsizlik komissiyasının rəhbəri Ebrahim Əzizi isə bildirib ki, ABŞ-nin Hörmüz boğazına hər hansı müdaxiləsi atəşkəs rejiminin pozulması kimi qiymətləndiriləcək.

Hörmüz boğazı fevralın sonundan - Yaxın Şərqdə yeni müharibənin başlanmasından sonra İran tərəfindən bağlanıb. Daha sonra ABŞ da İran limanlarına giriş-çıxışı məhdudlaşdıran dəniz blokadası tətbiq edib.

Aprelin ortalarında keçirilən ABŞ-İran danışıqlarının ilk raundu ciddi nəticə verməyib. Aprelin sonunda isə İran Pakistan vasitəçiləri ilə ABŞ-yə yeni təklif təqdim edib. Təklifə görə, Hörmüz boğazı açılmalı, Tehranın nüvə proqramı ilə bağlı danışıqlar isə daha sonrakı mərhələyə təxirə salınmalıdır. Tramp hələlik bu təklifə razılıq verməyib.

Buna baxmayaraq, bəzi gəmilərin alternativ yollarla boğazdan keçə bildiyi bildirilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun