Ötən həftənin əsas müzakirə mövzularından biri Azərbaycan və Ermənistan sərhədlərinin delimitasiya və demarkasiyası ilə məşğul olacaq ekspert qruplarının yaradılması oldu. Ermənistanın Ədliyyə Nazirliyinin ictimai müzakirəyə çıxardığı üç təlimat sənədi aprelin 29-da tərəflər arasında keçirilmiş yüksəksəviyyəli görüşün nəticələrini əks etdirir. “Abzas Media” həmin sənədlərdə yer alan əsas məqamları araşdırıb.
Təlimat sənədləri ictimai müzakirədə
Aprelin 23-də Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayevin mətbuat xidməti bildirib ki, ekspert qrupları Azərbaycan-Ermənistan sərhədində geodeziya ölçmələrinə əsaslanaraq koordinatların dəqiqləşdirilməsi prosesinə başlayıb.
Dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının Katibliyinin məlumatına görə, aprelin 29-da Ermənistanın Ağverən bölgəsində Şahin Mustafayev və ermənistanlı həmkarı Mher Qriqoryan dövlət sərhədinin delimitasiyası üzrə komissiyaların 13-cü iclasını keçiriblər. Görüşdə delimitasiya işlərinin həyata keçirilməsi qaydasına dair üç təlimat layihəsinin mətnləri razılaşdırılıb və tərəflər arasında mübadilə edilib.
Ermənistanın baş naziri Nikol Paşinyan Şahin Mustafayevin səfərini “çox vacib hadisə” adlandırıb. O bildirib ki, baş nazir müavinlərinin qarşılıqlı səfərləri sülh prosesinin institusionallaşması baxımından tarixi əhəmiyyət daşıyır.
Rəsmi Bakı bildirir ki, təlimat layihələri delimitasiya üzrə ekspert qruplarının iş prinsiplərini, sərhəd xəritələrinin hazırlanması prosesini, eləcə də delimitasiya sənədlərinin tərtibi və nəşri qaydalarını müəyyən edir. Tərəflər sənədlərin təsdiqlənməsi üçün öz hökumətlərinə müraciət etmək barədə razılığa gəliblər.
Ermənistanda isə sənədlər hüquqi akt layihələrinin dərc olunduğu “draft.am” portalında ictimai müzakirəyə çıxarılıb. Vətəndaşlar mayın sonunadək layihələrlə bağlı rəylərini hökumətə təqdim edə bilərlər.
Azərbaycan tərəfində isə bu sənədlər ictimaiyyətə açıq təqdim edilməyib. Müşahidələr göstərir ki, dövlət sərhədi ilə bağlı texniki və spesifik sənədlər Azərbaycanda adətən açıq müzakirəyə çıxarılmır. Bu, delimitasiya prosesinin texniki detallarının və koordinat sistemlərinin milli təhlükəsizlik və məxfilik məsələləri ilə əlaqələndirilməsi ilə izah olunur.
Beləliklə, Azərbaycan ictimaiyyəti mühüm sərhəd prosesinə dair məlumatları əsasən Ermənistanın informasiya resurslarından öyrənir. Bu isə delimitasiya prosesinin paradoksal hüquqi məqamlarından biri kimi qiymətləndirilə bilər.
Ermənistanda son illərdə aparılan hüquqi islahatlar nəticəsində hökumət qəbul ediləcək normativ-hüquqi akt layihələrini məcburi şəkildə “draft.am” portalında dərc etməyə borcludur. Əks halda, siyasi opponentlər və vətəndaş cəmiyyəti hökuməti “gizli sövdələşmələrdə” ittiham edə bilər. Seçkiöncəsi həssas mərhələdə Paşinyan hakimiyyəti üçün təhlükəsizliklə bağlı proseslərin ictimaiyyətə açıq təqdim olunması xüsusi əhəmiyyət daşıyır.
Delimitasiya prosesi: ziddiyyətlər
2024-cü il avqustun 30-da Azərbaycan və Ermənistan komissiyaları sərhəd delimitasiyası üzrə birgə fəaliyyət haqqında əsasnaməni imzalayıblar. Ermənistan Konstitusiya Məhkəməsi həmin sənədin Konstitusiyaya uyğun olduğunu bəyan edib, parlament isə oktyabrın 23-də onu ratifikasiya edib.
Azərbaycanda isə Prezident İlham Əliyev sənədi 2024-cü il oktyabrın 25-də təsdiqləyib. Bununla da sənədin Milli Məclisdə ayrıca ratifikasiyasına ehtiyac qalmayıb.
Bununla belə, tərəflər hələ sənəd ratifikasiya edilməmişdən əvvəl - 19 aprel 2024-cü ildə sərhədin şimal hissəsində delimitasiya prosesinə başlamışdılar. Söhbət Bağanis–Bağanis Ayrım, Voskepar–Aşağı Əskipara, Kirants–Xeyrimli və Berkaber–Qızıl Hacılı istiqamətlərindən gedir.
Ermənistanın “Hetq” nəşri yazır ki, həmin mərhələdə yalnız delimitasiya deyil, faktiki demarkasiya da aparılıb: sərhəd dirəkləri quraşdırılıb, tikanlı məftillər çəkilib, Kirants yaxınlığında isə divar tikilib.
Erməni mediası bu məqamı xüsusi vurğulayaraq qeyd edir ki, proses hüquqi əsas sənəd təsdiqlənməmiş həyata keçirilib. “Hetq” bu məsələ ilə bağlı Mher Qriqoryanın ofisinə sorğu göndərib. Sorğuda 2024-cü ildə rəhbər sənəd olmadan aparılan delimitasiya ilə hazırkı hüquqi çərçivə arasında ziddiyyət olub-olmadığı soruşulub. Cavab isə qısa olub: “Xeyr, ziddiyyət yoxdur”.
Nəşrin məlumatına görə, Ermənistan qoşunları qeyd olunan dörd sahədən geri çəkilib, Azərbaycan tərəfi isə yalnız Berkaber–Qızıl Hacılı istiqamətində bir döyüş mövqeyini dəyişib.
“Hetq” iddia edir ki, Azərbaycan ordusunun həmin yeni mövqeyi delimitasiya olunmuş ərazidən kənarda yerləşir və Ermənistanın suveren ərazisində qalır.
Azərbaycanın rəsmi qurumları və delimitasiya komissiyası bu iddialara münasibət bildirməyib.
Ermənistan mediasında hakim fikir ondan ibarətdir ki, 2024-cü ildə başlanmış delimitasiya və demarkasiya prosesi Azərbaycanın hərbi-siyasi təzyiqi fonunda həyata keçirilib. Tavuş sakinləri ilə görüşlərdə Ermənistan hakimiyyət nümayəndələrinin də buna eyham vurduğu bildirilir.
Ekspert qrupları nə ilə məşğul olacaq?
Razılaşdırılmış təlimatlara əsasən, tərəflər delimitasiya üzrə ekspert qrupları yaradacaqlar.
Ermənistan mediası xatırladır ki, belə bir qrup Ermənistan tərəfində hələ 2024-cü ilin aprelində formalaşdırılıb. Baş nazir Paşinyanın qərarı ilə yaradılan qrupun tərkibinə Milli Təhlükəsizlik Xidməti, Müdafiə Nazirliyi, Kadastr Komitəsi və digər qurumların nümayəndələri, həmçinin geodeziyaçı və kartoqraflar daxil edilib.
Yeni razılaşdırılmış təlimatlara görə, ekspert qrupları komissiyalara tabe olacaq və kartoqrafik, hüquqi, normativ sənədlərlə işləyəcəklər.
Ermənistan mediası bildirir ki, ekspertlərin xəritə və hüquqi sənədlərdən istifadəsinə ciddi məhdudiyyət qoyulmayacaq. Lakin sənədlərdə “dövlət sirri təşkil edən məlumatlar istisna olmaqla” ifadəsinin yer alması göstərir ki, təhlükəsizlik məsələləri yenə də əsas məqamlardan biri olacaq.
Sənədlərə əsasən, delimitasiya prosesi zamanı vahid geodeziya bazası yaradılmalı, topoqrafik ölçmələr aparılmalı, sərhəd xətti razılaşdırılmalı və bunun əsasında delimitasiya xəritəsi hazırlanmalıdır.
Hazırlanacaq xəritə sərhədin bütün uzunluğunu və hər iki tərəfdən üç kilometrlik zolağı əhatə edəcək. Bu zona sərhəd boyunca yerləşən coğrafi obyektlərin və təhlükəsizlik elementlərinin daha dəqiq göstərilməsi məqsədi daşıyır.
Xəritələrin albomu sərhədin şimal hissəsindən başlayaraq qərbdən şərqə doğru tərtib ediləcək. Buraya əvvəlcə Tavuş istiqaməti, daha sonra Geğarkunik, Vayots Dzor və Sünik bölgələri daxil olacaq.
Albomu və sərhəd təsviri protokolunu tərəflər erməni, azərbaycan və rus dillərində iki nüsxədə hazırlayacaqlar. Bu sənədlər gələcək sərhəd müqaviləsinin əlavəsi olacaq.
Hələ 16 yanvar 2025-ci ildə iki komissiya dövlət sərhədinin delimitasiyası üzrə kompleks işlərə şimal hissədən – Ermənistan, Azərbaycan və Gürcüstan sərhədlərinin kəsişmə nöqtəsindən başlamaq və cənuba, Ermənistan, Azərbaycan və İran sərhədlərinin kəsişmə nöqtəsinə qədər davam etmək barədə razılığa gəliblər.
“ArcGIS”, yoxsa “Panorama?”
Təlimatlarda qeyd olunur ki, işçi xəritələr “ArcGIS” və “Panorama” proqramlarında hazırlanacaq.
“ArcGIS” coğrafi məlumatların emalı və xəritələşdirmə üçün istifadə olunan ən geniş yayılmış beynəlxalq GIS platformalarından biridir. Bu proqram vasitəsilə tarixi xəritələrin rəqəmsallaşdırılması, peyk görüntüləri ilə müqayisəsi və mübahisəli ərazilərin 3D analizi mümkündür.
Dövlət qurumları, şəhərsalma mütəxəssisləri, geoloqlar, mühəndislər və hərbi sahədə çalışanlar ABŞ-nin "Esri" şirkəti tərəfindən hazırlanan bu proqramdan geniş istifadə edirlər.
Araşdırmalar göstərir ki, “ArcGIS” Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiya prosesinə müəyyən fayda verə bilər. Çünki burada söhbət hüquqi sənədlərin, tarixi xəritələrin və real relyefin üst-üstə qoyulması prosesindən gedir. Bu baxımdan “ArcGIS” tarixi xəritələrin rəqəmsallaşdırılmasını (SSRİ dövrünə aid kağız xəritələri və topoqrafik planların real dünya koordinatlarına oturdulması), peyk görüntüləri ilə müqayisəni həyata keçirməyə imkan verir.
“Panorama” isə Rusiyada hərbi və dövlət strukturlarında geniş istifadə olunan kartoqrafiya sistemidir. SSRİ Baş Qərargahının topoqrafik xəritələri ilə işləmək baxımından bu proqram daha uyğun hesab olunur.
Azərbaycanla Ermənistan arasında mövcud sərhəd danışıqlarında əsas götürülən xəritələrin böyük əksəriyyəti isə SSRİ Baş Qərargahının hazırladığı topoqrafik xəritələr olduğundan Rusiyanın “Panorama” proqramı məhz bu sovet kartoqrafiya standartları, koordinat sistemləri ilə işləmək üçün ideal alət hesab edilir. Köhnə hərbi xəritələrin xətalarını hesablamaq və onları ilkin variantda oxumaq üçün “Panorama” ən etibarlı proqram hesab olunur.
Ekspertlər hesab edir ki, “Panorama” sovet xəritələrinin ilkin emalı üçün, “ArcGIS” isə onların müasir peyk məlumatları ilə müqayisəsi və beynəlxalq standartlara uyğun rəqəmsal xəritələrin hazırlanması üçün istifadə ediləcək.
Mütəxəssislərin fikrincə, hər iki tərəfin eyni proqram təminatından istifadə etməsi koordinat sistemlərində mümkün texniki uyğunsuzluqları minimuma endirəcək.
Azərbaycanda “ArcGIS” dövlət qurumları və məkan məlumat sistemlərində geniş tətbiq olunur. Ermənistanda isə bu platforma dövlət idarəçiliyi və şəhərsalma layihələrində istifadə edilir.
“Panorama” proqramının tətbiqi isə iki ölkədə fərqlidir. Ermənistanda proqram əsasən hərbi xəritəçilik üçün istifadə olunur. Azərbaycanda isə sovet dövründən qalan xəritələrin emalı məqsədilə tətbiq edildiyi bildirilir.
Azərbaycan hərbi strukturlarında, xüsusilə Müdafiə Nazirliyinin Hərbi Topoqrafiya Xidmətində daha çox “ArcGIS” platformasından və açıq qaynaqlı QGIS sistemlərindən istifadə edildiyinə dair məlumatlar var. QGIS (Quantum GIS) isə coğrafi verilənləri analiz etmək, vizuallaşdırmaq və rəqəmsal xəritələr hazırlamaq üçün istifadə olunan dünyaca məşhur, pulsuz və açıq qaynaqlı proqramıdır.
Delimitasiya və demarkasiya: riyazi əsaslar
Sənədlərdə qeyd olunur ki, demarkasiya xəritələri SSRİ Baş Qərargahının 1983-cü il topoqrafik standartlarına uyğun hazırlanacaq.
Əsas işçi xəritə kimi 1:25000 miqyaslı xəritələrdən istifadə olunacaq. Bu miqyasda xəritənin 1 santimetri real ərazidə 250 metrə bərabərdir ki, bu da sərhədin kəndlər, yollar və təsərrüfat sahələri boyunca dəqiq müəyyən edilməsinə imkan verir.
Təlimatlarda həmçinin WGS-84 koordinat sistemi və UTM proyeksiyasının tətbiqi nəzərdə tutulur. Bu sistemlər müasir GPS və peyk xəritələşdirməsinin əsasını təşkil edir.
Riyazi əsaslardan biri kimi 1977-ci il Baltik Hündürlük Sistemi də göstərilib. Bu sistem postsovet məkanında dəniz səviyyəsinə əsaslanan rəsmi geodeziya standartı hesab olunur.
Ekspert qruplarının peyk çəkilişləri və pilotsuz uçuş aparatları vasitəsilə aerofotoçəkilişlər aparması da planlaşdırılır. Bunun üçün tərəflərin təhlükəsizlik qurumlarından xüsusi icazələr alınmalıdır.
Hansı xəritələr əsas götürüləcək?
Ermənistan Xarici İşlər Nazirliyi 2024-cü ilin mayında bildirmişdi ki, sərhədin dörd hissəsində delimitasiya SSRİ Baş Qərargahının 1976-cı il xəritələri əsasında aparılıb.
Ermənistan mediası qeyd edir ki, həmin razılaşmalarda əsas məqsəd SSRİ dağılan zaman mövcud olmuş inzibati sərhədlərin bərpası idi. Lakin nə yeni təlimat sənədlərində, nə də 2024-cü il avqustun 30-da imzalanmış əsasnamədə bu barədə ayrıca müddəa yer alır.
Tərəflərin hansı xəritələrə üstünlük verəcəyi, hazırda nəzarətdə saxladıqları bəzi ərazilərin taleyi və eksklav məsələləri isə açıq qalır.
Bu məsələlərin ekspert qruplarının növbəti görüşlərində müzakirə ediləcəyi ehtimal olunur. Bəzi məsələlərin isə yekun sülh sazişindən sonraya saxlanılması mümkündür.
Ermənistanda sərhəd həssaslığı: həbs olunan var
Ermənistanda delimitasiya və demarkasiya prosesi ətrafında siyasi gərginlik davam edir.
Baş nazir Paşinyanın əsas rəqiblərindən sayılan Qagik Çarukyanın “Çiçəklənən Ermənistan” Partiyasının üzvü Andranik Tevanyan iki aylıq həbs edilib.
“Azadlıq Radiosu”nun erməni xidməti yazır ki, Tevanyan casusluq və dövlətə xəyanətdə ittiham olunur. İstintaq iddia edir ki, o, sərhəd delimitasiyası ilə bağlı məxfi məlumatları xarici tərəfə ötürüb.
Söhbətin 2024-cü ilin aprelində Ermənistan parlamentində keçirilmiş qapalı iclasın materiallarından getdiyi bildirilir. Həmin iclasda xarici işlər naziri və baş nazirin müavini Mher Qriqoryan iştirak etmişdi.
Tevanyan ittihamları rədd edir və qeyd olunan təşkilatla heç bir əlaqəsinin olmadığını bildirir.
Mayın 24-də Qagik Çarukyan da Tevanyanın həbsinə etiraz edib və hökuməti tənqid edib. Bundan əvvəl Paşinyan Çarukyanı Rusiya xüsusi xidmət orqanları ilə əlaqədə ittiham etmişdi.
Müəllif: Cəsur Məmmədov