Həftənin hərbi-siyasi icmalı: Yerevan paradı, Rubionun səfəri və Bakının səssizliyi

Həftənin hərbi-siyasi icmalı: Yerevan paradı, Rubionun səfəri və Bakının səssizliyi
1 İyun 2026
Mətni dəyiş

Ötən həftənin diqqət çəkən hadisələri ABŞ Dövlət katibi Marko Rubionun Ermənistana səfəri və imzalanan sənədlər, Yerevanda keçirilən hərbi parad, eləcə də bütün bunların fonunda region dövlətlərinə, o cümlədən Azərbaycana verilən siyasi, iqtisadi və hərbi mesajlarla bağlıdır. “Abzas Media” həftənin hadisələrini təhlil edir.

Tramp: “Cənubi Qafqazı zirvələrə çatdıracağıq”

Mayın 26-da ABŞ-nin dövlət katibi Marko Rubio Ermənistana səfər edib. Səfər çərçivəsində Marko Rubio və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Tramp Beynəlxalq Sülh və Rifah Təşəbbüsü (TRIPP) üzrə Çərçivə Sazişinin paraflanmasını həyata keçirib, həmçinin Strateji Tərəfdaşlıq Xartiyası və Kritik Minerallar üzrə Anlaşma Memorandumu imzalayıblar.

ABŞ Dövlət Departamenti bəyan edib ki, TRIPP Çərçivə Sazişinin paraflanması 8 avqust 2025-ci ildə Ağ Evdə qəbul edilmiş tarixi öhdəliklərə uyğun olaraq “firavan gələcəyin reallaşması” yolunda mühüm nailiyyətdir.

“ABŞ və Ermənistan artıq Ermənistanın suverenliyinə və ərazi bütövlüyünə hörmətlə yanaşmaqla yanaşı, regionda maneəsiz, multimodal tranzit əlaqəsinin qurulmasına bir addım daha yaxınlaşıblar”, – bəyanatda qeyd olunub.

Mətndə həmçinin vurğulanır ki, ABŞ TRIPP layihəsinin mühəndislik tədqiqatları üzərində Ermənistan hökuməti ilə sıx əməkdaşlıq edir və qlobal ticarətin, sülhün, sabitliyin və regionda rifahın genişləndirilməsinə sadiqdir.

ABŞ Prezidenti Donald Tramp görüşlə bağlı “Truth Social” platformasında paylaşım edərək Yerevanda imzalanan sənədlərin əhəmiyyətini vurğulayıb və bəyan edib ki, baş nazir Nikol Paşinyan Ermənistanı güclü və təhlükəsiz ölkəyə çevirir. ABŞ Dövlət Departamenti Rubionun səfəri zamanı Ermənistanda keçiriləcək seçkilər mövzusunun da müzakirə olunduğunu bildirib.

“Nikol Paşinyan - yaxşı dost və lider - öz ölkəsini güclü, zəngin və çox təhlükəsiz edir. Nikol Ermənistan və bütün Cənubi Qafqaz regionu üçün sülh və firavanlıq haqqında mənim baxışımı tamamilə bölüşür”, - ABŞ Prezidenti yazıb.

Tezliklə ABŞ və Ermənistanın birlikdə Cənubi Qafqazı dəyişdirəcək TRIPP layihəsinin təməlini qoyacaqlarını və bu layihənin energetika şirkətlərinə Mərkəzi Asiyadan ABŞ-yə qədər çıxış imkanı yaradacağını qeyd edən Tramp qarşıdakı seçkilərdə Nikol Paşinyana dəstəyini də ifadə edib.

“Bu səbəbləri nəzərə alaraq, Nikol 2026-cı il iyunun 7-də yenidən seçilmək üçün mənim tam və qəti dəstəyimə malikdir. Nikolla birlikdə biz ABŞ-ı, Ermənistanı, Cənubi Qafqazı və Mərkəzi Asiyanı heç vaxt olmadığı qədər yüksək zirvələrə çatdıracağıq. Ermənistanı yenidən daha güclü edin”, - Tramp bildirib.

Yerevanda Marko Rubio ilə görüşdən sonra Ararat Mirzoyan isə bildirib ki, Ermənistan və ABŞ arasında kritik mineralların və nadir faydalı qazıntıların çıxarılması və emalı sahəsində imzalanmış memorandum yalnız başlanğıcdır və yaxın gələcəkdə artıq konkret investisiyalar və praktiki nəticələr mümkün olacaq.

“Gizlətməyəcəyəm, investisiyalar sahəsində artıq ilkin təsəvvürlər var. Lakin indi onları səsləndirməyə tələsməyəcəyəm, çünki bunlar hələ ilkin fikir mübadiləsi mərhələsindədir.

Qoy, müzakirələr dərinləşsin, şirkətlər qarşılıqlı maraqları araşdırsınlar. Ancaq cəsarətlə deyə bilərəm ki, yaxın gələcəkdə ən vacib minerallar və nadir faydalı qazıntılarla bağlı çox konkret nəticələr görəcəyik”, - Mirzoyan bildirib.

TRIPP İran və Rusiya üçün imkanlar yaradacaq

Mirzoyan bəyan edib ki, Ermənistan və ABŞ arasında TRIPP layihəsinə dair sənəd yaxın həftələrdə tam şəkildə imzalanacaq.

“Mətn artıq tamamilə razılaşdırılıb, siyasi anlaşma və razılıqlar mövcuddur. Lakin ölkələrdə tamamlanmalı olan texniki prosedurlar var. Hesab edirəm ki, bir neçə həftə ərzində imzalanma baş tutacaq”.

Nazir vurğulayıb ki, geosiyasi və regional vəziyyətin mürəkkəbliyinə baxmayaraq, tərəflər prosesi ardıcıl şəkildə irəli aparırlar.

TRIPP layihəsinin İran üçün də imkanlar yaradacağını qeyd edən Mirzoyan bildirib ki, layihənin İran üçün təhlükəsizlik problemləri yarada biləcəyi ilə bağlı narahatlıqlar artıq aradan qalxıb:

“İranda TRIPP-in guya təhlükəsizlik komponenti ilə bağlı suallar var idi. Üçüncü tərəfin silahlı qüvvələrinin yerləşdirilməsi məsələsi müzakirə olunurdu. İrandakı həmkarlarımız imzalanmış sənəddə belə bir müddəanın nəzərdə tutulmadığını gördülər. Bütün infrastrukturlar Ermənistan Respublikasının suverenliyi və yurisdiksiyası altında fəaliyyət göstərəcək. Bu da üçüncü tərəfin yerləşdirilməsini istisna edir. Bu məsələlər ətrafında xüsusi narahatlığa əsas yoxdur.

TRIPP İran üçün də imkanlar yaradacaq. Axı Naxçıvandan biz dəmir yolu ilə İranın dəmir yolu şəbəkəsinə qoşulacağıq. Bizim vasitəmizlə İran da, məsələn, Qara dənizə çıxış əldə edə biləcək. Beləliklə, TRIPP vasitəsilə Fars körfəzi–Qara dəniz istiqamətində yeni dəmir yolu bağlantısı yaranır”.

Mirzoyan əlavə edib ki, TRIPP Rusiya üçün də yeni imkanlar yaradacaq.

“Rusiyadan çoxsaylı rəsmilər TRIPP-ə maraq göstərirlər, layihədə iştirak etmək istəyirlər”, – Mirzoyan qeyd edib.

Baş nazir Nikol Paşinyan isə bildirib ki, TRIPP layihəsi Ermənistanın blokadasını son və geri dönməz şəkildə aradan qaldıracaq və ölkəni münaqişənin çıxılmaz vəziyyətindən “sülhün kəsişmə nöqtəsinə” çevirəcək.

O bildirib ki, İranla sərhəddə yerləşən Agarak gömrük-keçid məntəqəsinin tikintisi davam edir və yaxın vaxtlarda TRIPP layihəsinin icrasına da başlanacaq.

Neft kəmərləri Ermənistandan keçəcək

Paşinyanın sözlərinə görə, layihənin ən mühüm komponentlərindən biri Meğri dəmir yolunun yenidən istifadəyə verilməsidir.

“Meğri dəmir yolu yenidən açılacaq və bu dəmir yolundan həm Azərbaycanla Naxçıvan arasında, həm də Ermənistanın şimal və cənub hissələri arasında dəmir yolu əlaqəsinin yaradılması məqsədilə istifadə olunacaq. Hazırda Ermənistanın cənubdan şimala, yəni Sünik hissəsindən keçən dəmir yolu yoxdur və biz bu dəmir yolunu əldə edəcəyik”, – deyə baş nazir bildirib.

O əlavə edib ki, dəmir yolunun yenidən istifadəyə verilməsi yükdaşımalar, xüsusilə də Zəngəzur Mis-Molibden Kombinatının məhsullarının daşınması baxımından mühüm əhəmiyyət daşıyacaq.

Paşinyanın sözlərinə görə, Ermənistan tranzit gəlirləri də əldə edəcək.

“Ərazimizdən keçən hər qatar üçün ödəniş ediləcək və bu vəsait Ermənistan Respublikasının dövlət büdcəsinə daxil olacaq”, - deyə baş nazir qeyd edib.

Dəmir yolundan başqa, Paşinyanın sözlərinə görə, TRIPP layihəsi Ermənistan ərazisindən qaz kəmərlərinin, neft kəmərlərinin, elektrik ötürücü xətlərin və internet kabellərinin çəkilməsini də nəzərdə tutur. Bütün bunlara görə Ermənistan tranzit gəlirləri əldə edəcək.

Baş nazir bildirib ki, bu infrastruktur Ermənistana həm idxal, həm də ixrac imkanlarını genişləndirməyə şərait yaradacaq.

Paşinyan əlavə edib ki, Ermənistan–Türkiyə və Ermənistan–Azərbaycan sərhədlərinin açılması da gözlənilir.

Baş nazir nəqliyyat məhdudiyyətlərinin iqtisadi nəticələrindən danışarkən qeyd edib ki, bu məhdudiyyətlər malların maya dəyərinə ciddi təsir göstərir. Onun sözlərinə görə, Türkiyə malları uzun illər müxtəlif vasitəçi ölkələr üzərindən Ermənistana gətirilib ki, bu da nəqliyyat və inzibati xərclərin artmasına səbəb olub.

Paşinyan bildirib ki, son günlər Türkiyədən Ermənistana və Ermənistandan Türkiyəyə malların ixracına tətbiq edilən qadağa aradan qaldırılıb və bu, yeni iqtisadi imkanlar yaradır.

Rusiyadan Ermənistana hədələr

Mirzoyan bildirib ki, Ermənistan ilə ABŞ arasında hərtərəfli strateji münasibətlər indiyədək olduğundan daha yüksək səviyyəyə çatıb.

Bununla yanaşı, o vurğulayıb ki, Ermənistan Rusiya ilə siyasi, iqtisadi və digər əlaqələrin kəsilməsində maraqlı deyil. Onun sözlərinə görə, İrəvan Moskva ilə normal münasibətlərin qorunması istiqamətində işləmək niyyətindədir və bunu davam etdirəcək.

Paşinyan isə ötən həftə bəyan edib ki, Ermənistan vətəndaşları seçim etmək imkanına malik olmalıdırlar:

“Ölkə Avrasiya İqtisadi İttifaqının, yoxsa Avropa Birliyinin tərkibində olmalıdır? Bu qərarı xalq qəbul etməlidir”.

“Ermənistan xalqının alternativ seçimi olmalıdır: Aİİ-nin tərkibində qalmaq, yoxsa Avropa Birliyinə inteqrasiya etmək. Bu qərarı mən verməyəcəyəm, xalq verəcək. Bu qərarı Ermənistan vətəndaşı verəcək”, - deyə baş nazir bildirib.

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Nikol Paşinyanın siyasətinin Rusiya, Aİİ və KTMT ilə Ermənistan arasındakı münasibətlərə təhlükə yaratdığını bildirmişdi.

Mirzoyan isə Medvedevin açıqlamalarındakı məlumatların yanlış olduğunu vurğulayıb.

Rusiya tərəfindən Ermənistan mallarına tətbiq edilən məhdudiyyətlərə toxunan Mirzoyan bildirib ki, problem bəzi siyasi qüvvələrin və media qurumlarının təqdim etdiyi qədər genişmiqyaslı deyil.

“Problem mövcuddur və onilliklərdir davam edir. Müəyyən dərəcədə sabah da davam edəcək. Böyük həcmdə yüklərin daşınması zamanı hər zaman problemlər yarana bilər”, - deyə o qeyd edib.

Rusiyanın “Rospotrebnadzor” qurumu Ermənistanın üç şirkətinin istehsal etdiyi alkoqollu içkilərin satışını dayandırıb.

Qurumun yaydığı məlumata görə, qadağa “Vedi Alko”, “Abovyan Konyak Zavodu” və “Şahnazaryan Şərab-Konyak Evi” şirkətlərinin istehsal etdiyi konyak və şərablara şamil olunub.

“Rospotrebnadzor” iddia edib ki, adıçəkilən şirkətlərin məhsulları məcburi tələblərə cavab vermir.

Qurum bundan əvvəl Ermənistan istehsalı olan “Cermuk” mineral sularının Rusiyaya idxalını və satışını da qadağan etmişdi.

“Rosselxoznadzor” isə daha əvvəl Ermənistandan gül idxalına məhdudiyyətlər tətbiq etmişdi.

Bu qurum 30 may tarixindən etibarən Ermənistandan Rusiyaya bir sıra meyvə-tərəvəz məhsullarının idxalına müvəqqəti məhdudiyyət qoyulduğunu da açıqlayıb.

Rusiya agentliyinin məlumatına görə, məhdudiyyətlər Ermənistan mənşəli pomidor, xiyar, bibər, göyərti və çiyələyin idxalına şamil olunur.

“Rosselxoznadzor” bildirib ki, qərar Ermənistandan gətirilən meyvə-tərəvəz məhsullarında aşkar olunan pozuntuların artması və fitosanitar təhlükəsizliyin təmin olunması məqsədilə qəbul edilib.

Rusiyanın energetika naziri Sergey Tsivilyov mayın 25-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə göndərdiyi məktubda qeyd edib ki, Ermənistan Avropa Birliyinə inteqrasiya prosesini davam etdirəcəyi təqdirdə qaz, neft məhsulları və xam almaz tədarükü ilə bağlı müqavilələr birtərəfli qaydada dayandırıla və ya ləğv edilə bilər.

Tərəfdaşlıq Xartiyaları: balans Ermənistanın xeyrinə dəyişir

Marko Rubionun Ermənistana qısa səfəri və Yerevanda imzalanan strateji sazişlər Azərbaycan üçün müəyyən iqtisadi və logistik imkanlar yaratsa da, eyni zamanda milli təhlükəsizlik və xarici siyasət maraqları baxımından bir sıra risk və çağırışlar da meydana çıxara bilər. Vaşinqtonun Yerevanı regionda əsas strateji tərəfdaş kimi ön plana çıxarması Cənubi Qafqazda qüvvələr nisbətinin və diplomatik təsir rıçaqlarının Azərbaycanın zərərinə dəyişməsi riskini artırır.

TRIPP sazişində infrastruktur üzərində Ermənistanın tam suverenliyinin və yurisdiksiyasının xüsusi vurğulanması rəsmi Bakının ilkin hədəfləri ilə ziddiyyət təşkil edir. Azərbaycan bu marşrutun maneəsiz, gömrük və sərhəd nəzarəti olmadan fəaliyyət göstərməsini istəyirdi. Lakin ABŞ-nin dəstəklədiyi model Ermənistan qanunlarının tətbiqini təsbit edir və idarəçiliyi beynəlxalq özəl konsorsiuma həvalə edir. Bu isə Azərbaycanın gələcəkdə həmin dəhliz üzərində birbaşa təsir və təzyiq mexanizmlərini məhdudlaşdırır.

Digər mühüm məsələ hərbi sahədə əməkdaşlıq perspektivlərindəki fərqlərlə bağlıdır. Rubionun səfərinin nəticələri Ermənistanın regionda hərbi və strateji baxımdan güclənməsi üçün hüquqi zəmin yaradıldığı barədə fikirlərin səslənməsinə səbəb olub.

Belə ki, səfər zamanı imzalanan Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyası Yerevan və Vaşinqton arasında təhlükəsizlik və müdafiə sahələrində geniş əməkdaşlığı nəzərdə tutur. Bu sənəd gələcəkdə Qərbin Ermənistan ordusunun modernləşdirilməsinə, ona kəşfiyyat dəstəyi göstərməsinə və birbaşa silah tədarük etməsinə imkan yarada bilər.

Bir sıra ekspertlərin fikrincə, regionda hərbi balansın yenidən Ermənistanın xeyrinə dəyişdirilməsinə yönəlmiş cəhdlər Bakı tərəfindən milli təhlükəsizliyə təhdid kimi qiymətləndirilə bilər.

Ermənistanla imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Xartiyasında qeyd olunur ki, ABŞ və Ermənistan Xarici Hərbi Satışlar proqramı vasitəsilə ABŞ istehsalı olan müdafiə məhsullarının və köməkçi avadanlıqların Ermənistana satışını, həmçinin Beynəlxalq Hərbi Təhsil və Təlim Proqramı da daxil olmaqla peşəkar hərbi təhsil və təlim kursları vasitəsilə müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın genişləndirilməsini nəzərdə tuturlar.

Bu məqsədlə ABŞ və Ermənistan mütəmadi olaraq ikitərəfli müdafiə məsləhətləşmələri keçirəcəklər.

Sənəddə qeyd edilir ki, tərəflər Ermənistanın qarşılıqlı fəaliyyət imkanlarını artırmaq və müdafiə qabiliyyətini gücləndirmək məqsədilə təhlükəsizlik əməkdaşlığının genişləndirilməsi yollarını araşdırmaq niyyətindədirlər.

ABŞ həmçinin Ermənistanın daxili müdafiə sənayesi potensialının inkişaf etdirilməsi və iki ölkənin müdafiə sənayeləri arasında əməkdaşlığın təşviq olunması istiqamətində dəstəyini ifadə edir.

Möhkəm sərhədlərin və TRIPP layihəsinin uğurunun təmin edilməsində qarşılıqlı marağı nəzərə alan ABŞ və Ermənistan, Ermənistanın effektiv və müstəqil təhlükəsizlik qurumlarının gücləndirilməsi istiqamətində əməkdaşlığı artırmağı planlaşdırırlar. Məqsəd həmin qurumların ölkə sərhədlərinin təhlükəsizliyinə görə tam məsuliyyət daşımasını təmin etməkdir.

Bu ilin fevralın 10-da ABŞ ilə Azərbaycan hökuməti arasında imzalanmış Strateji Tərəfdaşlıq Xartiyasında müdafiə sahəsində əməkdaşlığa dair müddəalar fərqli xarakter daşıyır və daha qısa şəkildə təqdim olunur.

Sənəddə qeyd edilir ki, ABŞ və Azərbaycan müdafiə satışları da daxil olmaqla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığın əhatə dairəsini genişləndirmək niyyətindədirlər.

Bundan əlavə bildirilir ki, tərəflər terrorizmlə mübarizə sahəsində ortaq öhdəliklərini nəzərə alaraq mövcud antiterror əməkdaşlığını genişləndirməyə çalışacaqlar.

Yeri gəlmişkən, iyunun 2-də Bakı Enerji Həftəsi çərçivəsində İqtisadiyyat Nazirliyi və ABŞ Dövlət Departamentinin birgə təşkilatçılığı ilə Strateji Tərəfdaşlıq Xartiyasına uyğun olaraq ilk Azərbaycan-ABŞ İqtisadi Dialoqu keçiriləcək.

İqtisadiyyat Nazirliyinin yaydığı məlumata görə, tədbir çərçivəsində regional bağlantılar, ticarət, sənaye, investisiyalar, enerji təhlükəsizliyi, tranzit, süni intellekt və rəqəmsal infrastruktur sahələrində əməkdaşlıq perspektivləri müzakirə olunacaq.

Bununla yanaşı, hər iki ölkənin biznes dairələrinin iştirakı ilə xüsusi sessiyaların təşkili və əməkdaşlığa dair bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

Yerevandakı hərbi paradın mesajları

Mayın 28-də Ermənistanın Respublika Günü münasibətilə Yerevanın Respublika meydanında keçirilən hərbi parad həm Ermənistanın region ölkələrinə verdiyi hərbi-siyasi mesajlar, həm də ölkənin gələcək hərbi-siyasi strategiyasını anlamaq baxımından diqqət çəkir.

2016-cı ildən sonra ilk dəfə keçirilən tədbirdə nümayiş etdirilən ağır texnika kolonları, pilotsuz uçuş aparatları və yeni hərbi forma geyinmiş bölmələr Ermənistanın 2020-ci il hərbi məğlubiyyətindən sonra hansı mərhələdə olduğunu və gələcək planlarını qiymətləndirmək üçün ciddi əsas yaradır.

Bəzi ekspertlərin fikrincə, Paşinyan hakimiyyətinin qısa müddətdə belə bir parad təşkil etməsi həm daxili, həm də xarici auditoriyaya ünvanlanmış hərbi və psixoloji mesaj kimi qiymətləndirilə bilər.

Maraqlıdır ki, rəsmi Bakı bu hadisəyə hər hansı formada reaksiya verməyib. Bunun səbəbləri ilə bağlı müxtəlif ehtimallar irəli sürmək mümkündür.

Paradın siyasi mesajları və Bakının səssizliyi

Sual yarana bilər: Paşinyan hökuməti hərbi paradı niyə məhz indi - 2026-cı il mayın 28-də keçirməyi qərara aldı?

Bu sualın cavabını Ermənistanın daxili və xarici siyasi ehtiyaclarında axtarmaq mümkündür.

2026-cı ildə keçiriləcək parlament seçkiləri ərəfəsində Paşinyan üçün cəmiyyətə müxtəlif mesajlar vermək, o cümlədən ölkənin hərbi potensialı ilə bağlı müsbət təsəvvür formalaşdırmaq vacib görünür. Bu kontekstdə istisna deyil ki, Paşinyan erməni cəmiyyətinə “ordunun yenidən qurulduğu” və “məğlubiyyət dövrünün geridə qaldığı” mesajını çatdırmağa çalışır.

“Ordunu dağıtdığımız barədə o qədər dedi-qodu etdilər. Biz ordunu dağıtmamışıq. Sadəcə onların ordu adlandırdığı xarabalığı bir kənara qoyub sıfırdan yeni ordu qurmuşuq. Respublika meydanına gəlin və həmin ordunu görün”, - deyə baş nazir Paşinyan paraddan iki gün əvvəl bildirib.

Maraqlıdır ki, rəsmi Bakı Ermənistanda keçirilən bu hərbi parada hər hansı formada reaksiya verməyib. Halbuki bir çox müşahidəçi Azərbaycanın kəskin diplomatik və ya siyasi reaksiya verəcəyini istisna etmirdi.

Bəs rəsmi Bakının bu səssizliyinin səbəbi nə ola bilər?

Prezident İlham Əliyev 2024-cü il dekabrın 31-də Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə xalqa müraciətində Ermənistanın silahlanmasını Azərbaycan üçün “ən narahatedici məqamlardan biri” adlandırmışdı.

O bildirmişdi ki, Ermənistanın silahlanması regionda sülhə təhlükə yarada bilər. Əliyev Azərbaycanın 2025-ci il üzrə hərbi büdcəsində nəzərdə tutulan rekord artımı da Ermənistanın silahlanması ilə əlaqələndirmişdi.

“Biz məcbur qalıb bunu bu səviyyəyə qaldırmışıq. Çünki Cənubi Qafqazda Ermənistanın başlatdığı silahlanma yarışında biz geridə qala bilmərik”, – deyə Prezident vurğulamışdı.

İlham Əliyev həmin dövrdə “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru Dmitri Kiselyova verdiyi müsahibədə də Fransa tərəfindən Ermənistana tədarük edilən silahların Azərbaycan üçün real təhlükə yaratdığını bildirmişdi.

“Ermənistanla sərhədimizin uzunluğunun min kilometrdən çox olduğunu, bir çox yaşayış məntəqələrinin sərhədə yaxın yerləşdiyini və bu yaşayış məntəqələrinin əksəriyyətinə keçmiş məcburi köçkünlərin qayıtdığını nəzərə alsaq, təbii ki, biz bu prosesi sadəcə kənardan müşahidə edə bilmərik”, – deyə Əliyev qeyd etmişdi.

Prezident əlavə etmişdi:

“Biz dəfələrlə Ermənistana və onun ABŞ Dövlət Departamentindəki himayədarlarına çatdırmışıq ki, buna son qoyulmalıdır. Amma təəssüf ki, bizim səsimiz eşidilmir. Ermənistanın silahlanması prosesi sürətlə davam edir”.

2025-ci ilin yanvarında yerli televiziya kanallarına verdiyi müsahibədə də İlham Əliyev bu mövqeyini təkrarlamışdı:

“Ermənistanda gedən silahlanma prosesi, əlbəttə ki, Cənubi Qafqaz üçün yeni təhdid amilidir. Mən artıq bunu demişəm, bir daha demək istəyirəm ki, biz buna sadəcə müşahidəçi kimi baxıb heç nə etməyə bilmərik. Ermənistanın silahlanması yeni gərginliyə gətirib çıxaracaq. Biz bunu istəmirik. Biz sülh istəyirik. Biz istəyirik ki, artıq müharibə səhifəsi bağlansın.

Ancaq görürük ki, Ermənistanın həm özü, həm də onun yeni havadarları bunu istəmirlər. Onlar revanşist fikirlərlə yaşayırlar və Ermənistan faktiki olaraq bölgə üçün təhdid mənbəyinə çevrilir.

Ermənistan silahlanmanı dərhal dayandırmalıdır. Ona silah verən Fransa və digər ölkələr həmin müqavilələri ləğv etməlidirlər. Artıq Ermənistana göndərilmiş silahlar geri qaytarılmalıdır. Bu, bizim şərtimizdir. Kim bunu necə qəbul edir etsin. Mən sözümü deyirəm və onlar da, onların arxasında duranlar da bilirlər ki, əgər biz nəyisə deyiriksə, deməli, bu məsələyə çox ciddi yanaşırıq”.

Belə olan halda, sual yaranır: rəsmi Bakı niyə bu dəfə daha təmkinli davranıb?

Bir sıra ekspertlərin fikrincə, Azərbaycanın soyuqqanlı mövqeyi bir neçə amillə izah oluna bilər.

Ehtimallardan biri budur ki, Bakı səssizliyini qorumaqla Paşinyanın seçki kampaniyasına birbaşa təsir göstərmək istəmir və bununla da onun əleyhinə istifadə oluna biləcək əlavə arqumentlər yaratmaqdan yayınır.

Digər ehtimal 2025-ci ilin avqustunda Vaşinqtonda razılaşdırılmış sülh çərçivə sazişi ilə bağlıdır. Həmin sənəd Ermənistan üçün müəyyən çərçivədə silahlanma imkanları yarada bilər.

Bu ehtimalı Paşinyanın son açıqlamaları da qismən təsdiqləyir. O bildirib ki, Ermənistan və Azərbaycanın qarşılıqlı şəkildə bir-birinin ərazi bütövlüyünü tanımasından sonra beynəlxalq silah bazarında Ermənistan üçün yeni imkanlar yaranıb.

“Biz qonşularımızın ərazi bütövlüyünü tanıdıqdan, qonşularımız da bizim ərazi bütövlüyümüzü tanıdıqdan sonra silah bazarı bizim üçün açıldı. Çünki öz ərazisinin təhlükəsizliyini və toxunulmazlığını qorumaq hər bir dövlətin legitim hüququdur”, - deyə Paşinyan bildirib.

Digər mümkün izah ondan ibarətdir ki, Azərbaycanın hərbi və kəşfiyyat strukturları parad zamanı nümayiş etdirilən texnikanın real döyüş imkanları və Ermənistan ordusunun həmin sistemlərdən istifadə potensialı barədə kifayət qədər məlumata malikdir.

Bu baxımdan, Azərbaycanın qiymətləndirməsinə görə, Ermənistanın silahlanması müəyyən dəyişikliklər yaratsa da, regiondakı mövcud hərbi balansı köklü şəkildə dəyişəcək səviyyədə deyil.

Mümkündür ki, paradda nümayiş etdirilən silah və hərbi texnika Bakı üçün mövcud strateji reallığı dəyişdirən amil kimi qiymətləndirilməyib.

Silahlanma yeni müharibəyə gətirəcəkmi?

Ermənistanın son illərdə sürətlə və müxtəlif mənbələr hesabına silahlanması gələcəkdə onun Azərbaycan üçün real hərbi təhdidə çevrilə biləcəyi barədə suallar doğurur.

Baş nazir Nikol Paşinyan dəfələrlə bəyan edib ki, Ermənistanın silah alması ölkənin suveren hüququdur və bu addımlar hər hansı dövlətə qarşı yönəlməyib.

Ötən həftə Paşinyan bildirib ki, Ermənistanın təhlükəsizliyinin və sülhünün əsas təminatçısı güclü və müdafiə qabiliyyətli ordudur.

Ermənistan İctimai Radiosunun yaydığı məlumata görə, Paşinyan seçicilərlə görüş zamanı deyib:

“Bizim ordumuz, ilk növbədə, sülh üçün lazımdır. Biz sülhə hazırlaşırıq, çünki anlayırıq ki, güclü və müdafiə qabiliyyətli ordu sülhün qorunması üçün vacib amildir. Güclü və müdafiə qabiliyyətli ordusu olmayan ölkə xarici təzyiq və ya təcavüz üçün daha cəlbedici hədəfə çevrilə bilər.

Məhz buna görə də biz hər zaman güclü və müdafiə qabiliyyətli orduya malik olmalıyıq. Lakin bu ordunun əsas vəzifəsi Ermənistanın beynəlxalq səviyyədə tanınmış ərazisinin müdafiəsi olmalıdır. Bu, təhlükəsizliyin və sülhün təminatıdır. Bu, dövlətimizi gələcək nəsillərə ötürə bilməyimizin təminatıdır”.

Paşinyan bir gün əvvəl Tavuş vilayətinin Berdavan icmasında keçirdiyi seçkiqabağı tədbirdə də Azərbaycanla gələcəkdə hər hansı müharibə istəmədiyini bir daha vurğulayıb.

O bildirib ki, yaxın perspektivdə mühüm hadisələrin, o cümlədən sərhədlərin delimitasiyası prosesinin başlanacağı gözlənilir.

Paşinyanın sözlərinə görə, delimitasiya prosesi Sovet dövründə mövcud olmuş inzibati sərhəd xəttinin əsas götürülməsi ilə həyata keçiriləcək.

“Sülh Ermənistan və Azərbaycanın bir-birinin ərazi bütövlüyünü, suverenliyini və sərhədlərini tanıması əsasında bərqərar olur. Bu o deməkdir ki, sərhəd Sovet Ermənistanı dövründə olduğu kimi müəyyən ediləcək.

Delimitasiya şimaldan başlayacaq və İran sərhədinə qədər davam edəcək. TRIPP layihəsini həyata keçirməyə başladığımız hissələrdə delimitasiya qısa seqmentlər üzrə aparılacaq. Qalan hissələrdə isə tərəflər danışıqları davam etdirməlidirlər”, - deyə Paşinyan bildirib.

Baş nazir eyni zamanda hazırda Azərbaycanın nəzarətində olan Başkənd məsələsinin delimitasiya prosesində müzakirə tələb edən mövzulardan biri olduğuna işarə edib.

Paşinyanın sözlərinə görə, onun delimitasiya prosesi ilə bağlı öz baxışı var və o, Azərbaycanın da oxşar yanaşmaya malik olduğuna inanır.

“Mənim yanaşmam ondan ibarətdir ki, bu məsələ elə həll edilməlidir ki, 10, 20, 30, 50 və ya 100 ildən sonra bir ağac və ya bir kol üstündə belə yeni münaqişə yaranmasın”, - deyə Paşinyan əlavə edib.

Bununla belə, bir sıra hərbi ekspertlər hesab edirlər ki, Ermənistanın yaxın illərdə Azərbaycanın dərinliklərinə yönəlmiş hərbi əməliyyatlar aparmaq üçün nə demoqrafik, nə iqtisadi, nə də strateji potensialı mövcuddur.

Ekspertlərin fikrincə, Ermənistanın iqtisadi imkanları uzunmüddətli və genişmiqyaslı silahlanma proqramlarının davamlı şəkildə maliyyələşdirilməsinə də tam şərait yaratmır.

Bununla yanaşı, Ermənistanın silahlanmasının Azərbaycan üçün müəyyən səviyyədə çəkindirmə effekti yaratdığı da istisna edilmir. Bu proses eyni zamanda Azərbaycanın öz hərbi potensialını daha da gücləndirməsinə təkan verir.

Prezident İlham Əliyev 2025-ci ilin əvvəlində bu məsələyə toxunaraq bildirmişdi:

“Ermənistan silahlanma yarışında bizimlə rəqabət apara bilməz”.

Müşahidələr göstərir ki, Ermənistanın davam edən silahlanmasına cavab olaraq Azərbaycan yaxın illərdə hava hücumundan müdafiə sistemlərinə, radioelektron mübarizə vasitələrinə və kəşfiyyat imkanlarına daha çox investisiya yönəldə bilər.

Eyni zamanda, Ermənistanla sərhəd bölgələrində hərbi infrastrukturun gücləndirilməsi, qabaqlayıcı zərbə imkanlarının inkişaf etdirilməsi, yeni radar sistemlərinin alınması və əlavə hərbi hissələrin yaradılması istiqamətində fəaliyyətin davam etdirilməsi ehtimalı yüksək görünür.

Nəticə etibarilə, Ermənistanın silahlanması hazırkı mərhələdə yeni müharibənin qaçılmaz olduğu anlamına gəlmir. Lakin bu proses regionda qarşılıqlı etimadsızlığı artırır, hərbi xərclərin yüksəlməsinə səbəb olur və tərəflər arasında təhlükəsizlik dilemmasını daha da dərinləşdirir.

Bu baxımdan, silahlanmanın özü qədər, onun hansı siyasi məqsədlərlə müşayiət olunacağı və Ermənistan-Azərbaycan münasibətlərində sülh prosesinin hansı istiqamətdə inkişaf edəcəyi də həlledici əhəmiyyət daşıyır.

Cənubi Qafqaz üçün “hədd”?

Bəs, Ermənistan və Azərbaycanın timsalında Cənubi Qafqazda silahlanma prosesi hansı həddə qədər davam etməlidir?

Azərbaycanın son hərbi qələbəsi və eyni zamanda rəsmi Bakının təhlükəsizliklə bağlı narahatlıqları fonunda istisna deyil ki, gələcəkdə Azərbaycan və Türkiyə Ermənistanın silahlanmasının məqbul sərhədləri ilə bağlı müəyyən siyasi yanaşmalar formalaşdırmağa çalışsınlar.

Lakin bu zaman başqa bir sual da ortaya çıxır: Azərbaycanın silahlanması hansı həddə qədər davam edəcək?

Bir vaxtlar Avropada Adi Silahlı Qüvvələr haqqında Müqavilə (CFE) Avropa məkanında, o cümlədən Azərbaycan və Ermənistan arasında silahlanma səviyyəsinin monitorinqi və nəzarəti üçün əsas mexanizmlərdən biri hesab olunurdu.

Hazırda isə tərəflərin CFE çərçivəsindəki öhdəliklərinin hansı vəziyyətdə olduğu tam aydın deyil.

Rəsmi olaraq nə Azərbaycan, nə də Ermənistan müqavilədən çıxdığını və ya onun icrasını tam dayandırdığını bəyan edib. Bununla belə, praktikada müqavilənin nəzarət və monitorinq mexanizmlərinin faktiki olaraq iflic vəziyyətinə düşdüyü müşahidə olunur.

Azərbaycan uzun illərdir ki, müqavilədə nəzərdə tutulan bəzi kvotalara, xüsusilə tankların və digər ağır texnikanın sayına dair məhdudiyyətlərə əməl etmədiyini bildirir və bunu Ermənistanın uzunmüddətli işğal siyasəti fonunda həmin limitlərin reallığa uyğun olmaması ilə əsaslandırır.

2024-cü ildən etibarən regionda yaranmış yeni hərbi-siyasi şərait, həmçinin əsas oyunçuların - Rusiya, NATO ölkələri və Türkiyənin CFE mexanizmlərindən uzaqlaşması fonunda Azərbaycanın bu sənədi artıq prioritet alət kimi görmədiyi aydın hiss olunur.

Ermənistana gəldikdə isə, ölkə formal olaraq müqavilənin iştirakçısı olaraq qalsa da, 2020-ci il müharibəsindən sonrakı hərbi islahatlar və sürətli silahlanma prosesi fonunda CFE çərçivəsindəki monitorinq mexanizmlərinə əvvəlki marağın qalmadığı görünür.

Belə görünür ki, Yerevanda keçirilən 2026-cı il hərbi paradı Cənubi Qafqazda silahlanma yarışının perspektivləri ilə bağlı müzakirələri daha da aktuallaşdıracaq.

Bu gün region artıq yalnız Rusiyanın təsir dairəsi kimi qiymətləndirilmir. ABŞ, Fransa, Hindistan, Türkiyə və İran kimi dövlətlərin də fəal şəkildə iştirak etdiyi yeni geosiyasi rəqabət məkanına çevrilməkdədir.

Bir çox ekspertlərin fikrincə, hazırkı mərhələdə silahlar təkcə döyüşmək üçün deyil, həm də danışıqlar masasında daha güclü mövqe əldə etmək məqsədilə alınır.

Bu yanaşmanın gələcəkdə necə nəticələnəcəyini isə indidən dəqiq proqnozlaşdırmaq çətindir.

Azərbaycan hələ də regionun ən böyük hərbi gücü hesab olunur. Bununla belə, Ermənistanın son illərdə sürətlənən silahlanma cəhdləri Bakıda narahatlıq doğurur və Azərbaycanın öz hərbi arsenalını daha sürətlə yeniləməsinə təkan verir.

Ekspertlərin fikrincə, silahlanma yarışının regionun gələcəyini təhlükə altına salmaması üçün Cənubi Qafqaz ölkələrinin iştirakı ilə təhlükəsizlik və silahlanma məsələlərinə həsr olunmuş ayrıca dialoq mexanizminin yaradılması faydalı ola bilər.

Belə bir platforma tərəflərə silahlanma prosesinin şəffaflığını artırmaq, qarşılıqlı narahatlıqları müzakirə etmək və mümkün böhran vəziyyətlərini hərbi deyil, siyasi və diplomatik yollarla həll etmək imkanı verə bilər.

Hazırkı şəraitdə regionun qarşısında duran əsas çağırış silahlanmanın qarşısını almaq deyil, onun yeni qarşıdurmalara və ya silahlı münaqişələrə çevrilməsinin qarşısını almaqdır. Cənubi Qafqazın gələcəyi də məhz bu balansın necə qorunacağından asılı olacaq.

Müəllif: Cəsur Məmmədov

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun