Siyasət

Avropa Məhkəməsi gənc fəallara görə hökuməti 51.000 avro cərimələdi

2 dəqiqə
Avropa Məhkəməsi gənc fəallara görə hökuməti 51.000 avro cərimələdi

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycanla bağlı növbəti iki qərarını elan edib. 

Həmin qərarlar 2011-2013-cü illərdə Bakıda keçirilən etiraz aksiyalarında saxlanılan 5 nəfərin şikayəti əsasında çıxarılıb. Onlar Ülvi Həsənli, Şahin Mirzəyev, Turqut Qəmbər, Dəyanət Babayev və İlkin Rüstəmzadədir.

Qərarda deyilir ki, etiraz aksiyalarında iştiraka görə Ülvi Həsənli 2011-ci ilin martında 7, 2012-ci ilin oktyabrında isə 7 gün inzibati həbs cəzası alıb.

Ş.Mirzəyev, T.Qəmbər və İ.Rüstəmzadə isə 2013-cü ilin yanvar, mart və sentyabr aylarında keçirilmiş aksiyalarda saxlanıblar.

D.Babayev isə 2011-ci ildə 10, 2012-ci ilin oktyabrında yenidən 10, noyabr ayında isə 7 gün inzibati qaydada həbs edilib.

Şikayətçilər əvvəlcə yerli məhkəmələrə müraciət ediblər. Onlar saxlanmalarını hüquqlarına müdaxilə kimi qiymətləndirərək pozuntuların tanınmasını tələb ediblər. Amma yerli məhkəmələr onların şikayətlərini təmin etməyib və AİHM-ə şikayət verilib.

AİHM şikayətçilərin iddia etdikləri pozuntuları tanıyıb. Qərara görə, etiraz aksiyasında saxlanılan şikayətçilərin Avropa Konvensiyasının 5-ci (azadlıq və toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 11-ci (toplaşmaq hüququ) maddələri ilə hüquqları pozulub.

Azərbaycan hökuməti D.Babayev, Ü.Həsənli və T.Qəmbərin hər birinə mənəvi zərərə görə 10 min avro, Ş.Mirzəyevə 8, İ.Rüstəmzadəyə isə 6 min avro ödəməlidir.

T.Qəmbərə əlavə olaraq 2 min 860 avro ödənilməlidir.

Bundan əlavə, D.Babayev və Ü.Həsənlinin işində hökumət hüquqi məsrəflərdən ötrü ümumilikdə 1300 avro ödəməlidir.

Habelə, hüquqi məsrəflərdən ötrü Ş.Mirzəyevlə T.Qəmbərə birlikdə 1150, İ.Rüstəmzadəyə isə 2 min avro verilməlidir.

Qərarlar 3 aydan sonra qüvvəyə minir.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun