Dünya

Rusiya Aİ-ni Ermənistan seçkilərinə təsir göstərməkdə ittiham edib

2 dəqiqə
Rusiya Aİ-ni Ermənistan seçkilərinə təsir göstərməkdə ittiham edib

Foto: Maxim Shipenkov/Pool via REUTERS

Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Avropa İttifaqını Ermənistanda seçki prosesinə müdaxilə etməkdə ittiham edib.

O, brifinq zamanı Aİ-nin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Kaya Kallasın bəyanatını şərh edərkən bildirib ki, Avropa İttifaqı Ermənistanın seçki prosesini “əl ilə idarə etməyə” çalışıb.

Kallas daha əvvəl demişdi ki, “Ermənistan xalqı Rusiyanın güclü təzyiqlərinə baxmayaraq, Avropa gələcəyini seçib”. O, həmçinin ölkədə islahatların həyata keçirilməsinə dəstək verməyə hazır olduqlarını bildirib.

Zaxarovanın sözlərinə görə, Ermənistanda baş verənləri yalnız hadisələri izləməyən, televiziya və internetdən istifadə etməyən, xəbərləri oxumayan şəxslər görməyə bilərdi.

“Gündəliyi az da olsa izləyən hər kəs Aİ-nin seçki dövrünü necə nəzarətdə saxlamağa çalışdığını görə bilərdi. Buraya hibrid təhdidlərə qarşı sürətli reaksiya missiyaları, mayın əvvəlində – seçkiqabağı təşviqatın qızğın vaxtında Yerevana təşkil olunan genişmiqyaslı siyasi nümayəndə heyətləri, Ursula fon der Lyayenin iyunun 4-də Ermənistan üçün maliyyə dəstəyi toplamaq məqsədilə keçirdiyi təcili görüş daxildir. Bunun kulminasiya nöqtəsi isə səslərin sayılmasından əvvəl Aİ nümayəndəliyinin rəhbərinin Mərkəzi Seçki Komissiyasına səfəri oldu”, – Zaxarova deyib.

Rusiya XİN sözçüsü iddia edib ki, Brüssel istədiyi nəticəni əldə etmək naminə demokratiya, qanunun aliliyi və suveren dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərini nəzərə almayıb.

Səsvermənin nəticələrinə toxunan Zaxarova bildirib ki, Avropa İttifaqı seçkilərin yekunlarını da təhrif olunmuş şəkildə təqdim etməyə çalışır.

O, Rusiya Xarici İşlər Nazirliyinin iyunun 8-də yaydığı bəyanatı xatırladaraq qeyd edib ki, Ermənistanda parlament seçkiləri müxalifətə görünməmiş təzyiqlər və Qərbin, ilk növbədə isə Avropa İttifaqının müdaxiləsi şəraitində keçirilib.

“Brüsselin saxtakarlıq və manipulyasiya səviyyəsi bütün sərhədləri aşır. Səsvermədən əvvəl Avropa strukturları Ermənistan cəmiyyətinə saxta seçim təqdim edir, parlament seçkilərini az qala Aİ ilə Rusiya arasında taleyüklü seçim kimi qələmə verirdilər. Bu, erməni xalqının həqiqi maraqları ilə heç bir əlaqəsi olmayan kinayəli manipulyasiyadır”, – Zaxarova vurğulayıb.

Onun fikrincə, bu cür addımların məqsədi Ermənistan cəmiyyətini parçalamaq, ölkənin Rusiya ilə sosial-iqtisadi əlaqələrini zəiflətmək və regionda Aİ-nin təsirini artırmaqdır.

Zaxarova həmçinin qeyd edib ki, Ermənistanın Avropa İttifaqına üzvlük üçün namizəd statusu belə yoxdur, buna baxmayaraq, Brüssel ölkənin “Avropa gələcəyi” barədə danışmağa davam edir.

Ermənistanda parlament seçkiləri iyunun 7-də keçirilib.

Mərkəzi Seçki Komissiyasının ilkin nəticələrinə əsasən, baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi hakim “Vətəndaş Müqaviləsi” Partiyası səslərin 49,825 faizini toplayıb. İş adamı Samvel Karapetyanın rəhbərlik etdiyi “Güclü Ermənistan” bloku 23,281 faiz, sabiq prezident Robert Köçəryanın “Ermənistan” bloku isə 9,934 faiz səs qazanıb.

İş adamı Qaqik Tsarukyanın “Çiçəklənən Ermənistan” Partiyası ilkin nəticələrə görə 3,99 faiz səs toplayıb ki, bu da parlamentə keçid baryerindən 0,01 faiz bəndi azdır. Partiya səslərin yenidən sayılması tələbi ilə Mərkəzi Seçki Komissiyasına müraciət edib.

Seçkilərdə iştirak səviyyəsi 58,94 faiz təşkil edib.

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun