Azər Qasımlı: “Hakimiyyət özünə qarşı sanksiya riski görmür deyə həbslər aparır”

Azər Qasımlı: “Hakimiyyət özünə qarşı sanksiya riski görmür deyə həbslər aparır” Foto: president.az
27 İyul 2023
Mətni dəyiş

Anar Məmmədli: “İkinci Qarabağ Müharibəsindən və Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin Azərbaycandakı prioritetləri bir qədər dəyişib”

“Hakimiyyət düşünür ki, əgər Rusiya Ukraynada məğlub olsa, post-Sovet məkanında demokratik açılımlar mümkündür. Bununla bağlı müəyyən riskləri gördüyü üçün indidən hazırlaşır və perspektivli insanları həbs etməyə çalışır”.

Bu sözləri politoloq Azər Qasımlı son vaxlar Azərbaycanda ictimai-siyasi şəxslərin həbs məsələsindən danışarkən deyib.

Siyasətçinin sözlərinə görə, o, Azərbaycan Demokratiya və Rifah (ADR) hərəkatının sədri Qubad İbadoğlunun həbsini də post-Putin dönəminə hazırlıq kimi qiymətləndirir:

“Hakimiyyət siyasi meydanı qapatmağa çalışır. Ona görə də son vaxtlar referendumdan, proporsional seçki sisteminin bərpasından çox danışılır. “Siyasi partiyalar haqqında” Qanunun qəbul edilməsi və partiyaların qeydiyyata alınmaması ondan xəbər verir ki, hakimiyyət post-Putin dönəminə hazırlıqlar görür”.

A.Qasımlı deyir ki, hakimiyyət özünə qarşı sanksiya riski görmür, görsə, heç vaxt bu həbsləri etməzdi.

Onun sözlərinə görə, hazırda Qərbin bütün fikri, vaxtı daha çox Ukraynada gedən proseslərə sərf olunur: “Onlar diqqəti iqtisadi, siyasi, diplomatik və hərbi olaraq Ukrayna cəbhəsinə yönəldib. Azərbaycanı və yaxud Cənubi Qafqazı sonrakı dönəmə saxlayıblar. Çalışırlar ki, bu ərəfələrdə bu ərazilərdə riskli nəsə baş verməsin. Düşünürəm ki, Ukrayna probleminin həll olunmasını və Ermənistan – Azərbaycan arasında sülhü gözləyirlər. Bundan sonra Azərbaycandakı problemlərə diqqət etmək, sanksiya məsələlərini gündəmə gətirmək, nələrisə tələb etmək ola bilər. Hakimiyyət də bunu görür və bundan məharətlə istifadə edir” – deyə Azər Qasımlı bildirib.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzinin (SMDT) rəhbəri Anar Məmmədli deyir ki, Azərbaycan hakimiyyəti siyasi repressiyaları heç vaxt dayandırmayıb.

“Məsələn, “Siyasi partiyalar haqqında” və “Media haqqında” Qanunun dəyişdirilməsi repressiyaların bir parçasıdır. Siz fikir versəniz, son 3-4 ildə inzibati həbslərin də sayı artıb. Bu da repressiyanın bir parçasıdır. Hökumət tənqidçilərini inzibati qaydada həbs etməklə ictimai fəaliyyətdən yayındırmağa çalışır”.

A.Məmmədli deyir ki, İkinci Qarabağ Müharibəsindən və Rusiyanın Ukraynaya təcavüzündən sonra Qərbin Azərbaycandakı prioritetləri bir qədər dəyişib.

Onun sözlərinə görə, Qərb insan hüquqları və azadlıqları məsələsini daha arxa plana keçirib.

“Bunun da səbəbi odur ki, Ermənistan-Azərbaycan münaqişəsində sülhün olmasını və Rusiyanın burada rolunun azalmasını istəyirlər. İstəyirlər ki, Ukraynanın ərazi bütövlüyünün bərpası məsələsində Azərbaycan kimi ölkələr ən azı səssiz və ya bitərəf qalsınlar, bu və ya digər formada yardım etsinlər. Ukrayna müharibəsi ətrafında bir çox dövlətlərin Rusiyaya qarşı alyansı var. Azərbaycan bura qoşulmasa da, Rusiyanın da yanında görünmür. Bunun özü də Qərb üçün Azərbaycandakı rejimlə münasibətləri hələlik isti saxlamağa rəvac verir. Bu cür geopolitik durumlardan da  Azərbaycan hakimiyyəti maksimum sui-istifadə etməyə çalışır. Hökumətə insan hüquq və azadlıqları məsələsində təzyiqlər olmur, daha çox münaqişələr ön plana çıxır. Ancaq bu da sonsuza qədər davam edə bilməz. Hökumət istəyir ki, ictimai-siyasi arenanı “boş” saxlasın. Kimsə partiya qurursa, bunları tənqid edirsə, həmin adamları həbs etməklə digərlərinə görk vermək istəyirlər. Repressiyaların məqsədi budur”.

Millət vəkili Aydın Mirzəzadə isə deyir ki, bu həbslər əsaslandırılıb: “Qanun üçün siyasi və ya qeyri-siyasi şəxs yoxdur, qanun üçün artıq qanunları pozmuş insanlar var. Adını çəkdiyiniz şəxslərin saxlanılmaları ilə bağlı məlumatlar hüquq mühafizə orqanları tərəfindən təqdim edilib. Qanun birmənalıdır”.

Son 1 ildə Azərbaycanda bir sıra ictimai-siyasi və inanclı şəxs həm inzibati qaydada, həm də cinayət məsuliyyətilə həbs edilib. 2022-ci ilin dekabrında ictimai fəal Bəxtiyar Hacıyev, 2023-cü ilin fevralında AXCP-nin Salyan rayon təşkilatının sədri Zamin (Əlizamin) Salayev, 2023-cü il iyulun 4-də keçmiş millət vəkili və iş adamı Nazim Bəydəmirli, iyulun 23-də isə siyasətçi Qubad İbadoğlu cinayət məsuliyyətinə cəlb olunaraq həbs olunublar. Bu dövrdə bir sıra inanclı fəallar və siyasi partiya üzvləri də həbs edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun