"Azərbaycan Dəmir Yolları”, "Azərsu", “Aztelekom” və “Bakı Telefon Rabitəsi”ndə qanun pozuntuları aşkarlanıb
““Azərsu” ASC inhisar mövqeyindən sui-istifadə edərək su sayğaclarını hüquqi əsas olmadan satıb”
Bu barədə məlumat İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin 5 iyulda açıqladığı 2022-ci il üzrə fəaliyyət hesabatında qeyd olunub.
Hesabatda qeyd olunur ki, qurum “Azərsu” ASC-yə müvafiq göstərişlər verib və 11 min manat maliyyə sanksiyası tətbiq edib.
Dövlət Xidməti "Azərbaycan Dəmir Yolları” QSC-də də pozuntular aşkarlayıb.
“Təbii inhisar mövqeyindən sui-istifadə edərək dəmir yolu daşımaları, habelə tarif və güzəştlərin tətbiqi ilə bağlı rəqabətin pozulması halları üzrə “Azərbaycan Dəmir Yolları” QSC-yə haqsız rəqabət hallarının aradan qaldırılması və təbii inhisar subyektinin fəaliyyətinin təkmilləşdirilməsinə dair göstəriş verilib”- hesabatda qeyd olunub.
Eyni zamanda, Dövlət Xidməti “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində iş qaldırdığını açıqlayıb. Onların qiymət siyasətində pozuntu aşkarlanıb.
“Həmin müəssisələrlə bağlı özəl internet provayderlərindən də Dövlət Xidmətinə müraciətlər daxil olub. Belə ki, özəl internet provayderləri tariflərdə olan artımın onların fəaliyyətinə mənfi təsir göstərdiyini qeyd ediblər. Araşdırmalar nəticəsində “Aztelekom” MMC və “Bakı Telefon Rabitəsi” MMC barəsində antiinhisar qanunvericiliyinə uyğun olaraq iş qaldırılıb” – deyə hesabatda qeyd olunub.