Vəkili bildirib ki, Nazim Bəydəmirli "Banditizm"də saxlanılır
Keçmiş deputat, hazırda iş adamı olan Nazim Bəydəmirli Gədəbəyin Söyüdlü kəndindəki etirazlarla əlaqədar saxlanılıb.
Bu barədə məlumatı vəkil Aqil Layıc Facebook hesabında yazıb. O qeyd edib ki, N.Bəydəmirli Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılır.
“Nazim Bəydəmirlini "Banditizm"də Gədəbəy hadisələrinə görə şübhəli şəxs qismində saxlayırlar. Özü indi zəng edərək məlumat verdi” – deyə vəkil qeyd edib.
Nazim Bəydəmirli özü də səhər saatlarında sosial şəbəkələrdə insanlar arasında “Banditizm” kimi tanınan quruma getdiyini açıqlayıb:
“Gəlmişəm el arasında "banditizm" deyilən MCMBİ-nə ki, "ədaləti" həm hərfi, həm də məcazi mənada tapım. Burada tapmasam, elə birbaşa DİN-in binasında axtarmağa gələcəm” – deyə iş adamı yazıb.
Nazim Bəydəmirlinin saxlanılması ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat almaq mümkün olmayıb.
Gədəbəyin Söyüdlü kəndindəki ekoloji etirazların gedişində “Yeni Müsavat” saytı etirazların Rusiya tərəfindən təşkil olunduğu ilə bağlı yazı dərc edib. Yazıda qeyd olunub ki, təşkilatçılar aksiyanın koordinasiyası üçün Nazim Bəydəmirli və Gədəbəyin sabiq icra başçısı Saleh Rüstəmovla əlaqəyə keçiblər. İddia olunur ki, N. Bəydəmirli hadisələri Bakıdan koordinasiya edib.
“Yeni Müsavat”ın bu iddialarını AZTV, daha sonra isə millət vəkili Elman Nəsirov parlamentin iclasında təkrarlayıb.
İyunun 26-da Nazim Bəydəmirli “Yeni Müsavat” saytını, AZTV-ni, millət vəkili Elman Nəsirovu məhkəməyə verdiyini açıqlayıb. O, iddiaların əsassız olduğunu və təkzib edilməsini tələb edib.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Etirazlarda 5 nəfər saxlanılaraq 20 sutka inzibati həbs cəzası alıb, bir nəfər 1500 manat cərimələnib. Aksiyadan sonra da həbs olunanların olduğu bildirilir. Daxili İşlər Nazirliyi kənddə neçə nəfərin həbs edildiyini açıqlamır.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, hələlik cəzalandırılan polis əməkdaşı yoxdur.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.