Mingəçevir şəhər Prokurorluğunun binasında dindirilən Turalə Aslanovanın özünü ikinci mərtəbədən atdığı deyilir.
Azadlıq Radiosunun məlumatına görə, 32 yaşlı qadın xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.
Ailə üzvləri bildirir ki, hadisə müstəntiqin otağında baş verib. Həmin vaxt otaqda müstəntiq və vəkili Emin Kiçikbəyov olub.
Qeyd edilir ki, T.Aslanova prokurorluqda istintaqı gedən dələduzluq işi üzrə dindirilməyə çağırılıb.
Turalə Aslanovanın atası Natiq Aslanov hesab edir ki, övladını özünü öldürməyə vadar ediblər. Onun sözlərinə görə, qızına hədə-qorxu gəlirdilər.
“Qızım hamısını açıb demişdi ki, pullar kimdədir. Amma araşdırmaq istəmirdilər. Günahkarı cəzalandırmaq əvəzinə qızımı hədələyirdilər. Əlimizdə sübut-dəlillərimiz var. Qızım bu barədə Baş Prokurora da yazmışdı. Nə oldu nəticəsi? Nəticə o oldu ki, axırda onun özünü öldürdülər...”, – N.Aslanov deyib.
Atası əlavə edib ki, Turalə Aslanova keçmiş polis əməkdaşı idi. O, "ASAN Xidmət" Mərkəzində qeydiyyat və şəxsiyyət vəsiqəsi bölməsində işləyib.
Baş Prokurorluq Mingəçevir şəhər Prokurorluğundakı hadisəni təsdiqləyib. Qurumun mətbuat xidmətindən bildirilib ki, hadisə ilə əlaqədar hazırda Baş Prokurorluq araşdırma aparır:
“Turalə Aslanova vəkilinin iştirakıyla dindirmə üçün prokurorluğa dəvət edilib. İstintaq hərəkətinin gedişində 2-ci mərtəbədə yerləşən dindirmə otağının pəncərəsindən özünü yerə atıb və nəticədə ağır bədən xəsarəti alıb. Dərhal Mingəçevir Rayon Mərkəzi Xəstəxanasına çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb”.
Prokurorluğun məlumatına görə, T.Aslanovanın dindirildiyi cinayət işində bir neçə nəfərin ümumilikdə 413 min manat pulu mənimsəməsindən söhbət gedir.