Vətəndaş: “Sistemə daxil olduq, evlər çıxdı, amma yenidən başa, əsas səhifəyə qayıtdı"
Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) iyulun 29-da keçirdiyi mənzil satışından vətəndaşlar yenə narazı qalıb.
Bu dəfə 1189 mənzil satışa çıxarılıb.
MİDA-nın aparat rəhbəri Fərman Qurbanlı bildirib ki, seçimdə 10 mindən artıq vətəndaş iştirak edib. O bildirib ki, güzəşti mənzil seçimindən narazı qalan vətəndaşların olması mümkündür.
Seçimdən sonra narazı qalan vətəndaşlar MİDA-nın sosial şəbəkə hesablarında şikayətlərini dilə gətiriblər. Qurum açıqlama yayıb ki, şikayətçilərin narazı qaldıqları məsələlər araşdırılacaq.
Üçüncü dəfədir seçimlərdə iştirak edən Günay Məmmədova Abzas Media-ya deyir ki, sistemdəki problemlərə görə, o, bu dəfə də evsiz qalıb: “Sistemə daxil olduq, evlər çıxdı, amma yenidən başa, əsas səhifəyə qayıtdı. Seçimlər yenidən olsa, daha yaxşı olardı”.
G.Məmmədova deyir ki, artıq seçim prosesilə bağlı videofaktları MİDA-ya, Dövlət Təhlükəsizliyi Xidmətinə (DTX) və prezidentin rəsmi səhifəsinə göndərib.
Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz Abzas Media-ya deyir ki, MİDA-nın onlayn satış prosesi nə qədər texnoloji cəhətdən effektiv, insan amili rol oynamayan bir sistem olsa da, mahiyyətində öncədən bir "İT hazırlıq" ədalətsizliyi var.
O bildirir ki, MİDA öncə daxil olan şikayətlərlə bağlı əlaqədar qurumlarla birgə araşdırmalarının nəticələrini açıqlamalıdır:
“Yalnız bunun nəticəsindən asılı olaraq satışın necə baş tutduğunu demək doğru olardı. Eyni zamanda, fikrimcə MİDA indiyədək bu istiqamətdə verilən təklifləri ( alternativ satış üsulu, şəffaflığın artırılması, canlı yayım, müstəqil audit, uğur qazananların siyahılanının dərci və s) bir daha nəzərdən keçirməli və tətbiq etməlidir. Həm sonuncu satış, həm də bundan öncəki satış prosesi ciddi problemlər , ciddi fəsadlar ( sistemin çökməsi, kiber hücumlar, sistemə daxil ola bilməmək, Asan imza və eGov problemi və s) olmadan başa çatıb. Görünürdü ki, aidiyyatı qurumlar profilaktikanı xeyli gücləndiriblər. Bununla belə, sonuncu satışdan sonra satış prosesinin özündə, yəni sistemə daxil olduqdan sonra problemlərin olması ilə bağlı iştirakçılar tərəfindən sosial mediada xeyli şikayətlər paylaşılıb. Düşünmək olar ki, MİDA fərdi qaydada bu müraciətləri araşdırmaqla məşğuldur” – deyə Osman Gündüz bildirib.
İyulun 29-da keçirilən seçimlərdə Bakının Yeni Yasamal və Hövsan qəsəbələrində, eləcə də Gəncə şəhərində olan güzəştli mənzillər təqdim edilib.
MİDA-nın bundan əvvəl keçirdiyi mənzil seçimləri də narazılıqla qarşılanıb. İştirakçılar seçim prosesinə haker hücumu olduğunu, sistemdə texniki problemlərin yarandığını və seçimin ədalətli olmadığını bildiriblər.
15 aprel 2022-ci ildə DTX məlumat yayaraq bildirib ki, MİDA-nın mənzil satışına müdaxilə edən 6 nəfər saxlanılıb. Onlarla bağlı Cinayət Məcəlləsinin 273.3.1 və 273.3.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən kompüter sisteminə və kompüter məlumatlarına təkrar qanunsuz müdaxilə) maddələri ilə cinayət işi başlanılıb.