Qazinin atası: “Sosial problemlərə görə ailəsi də dağıldı”
İyulun 23-ü İkinci Qarabağ Müharibəsinin iştirakçısı, qazi Amin Babayev intihara cəhd edib.
Abzas Media-ya bu barədə onun atası Akif Babayev məlumat verib.
Akif Babayev bildirib ki, oğlu əlillik dərəcəsi ala bilmədiyi üçün intihara cəhd edib: “Müharibədə dizindən yaralanmışdı. Əməliyyat edib, diz qapağına protez qoydular. O da bundan sonra əlillik dərəcəsi almaq üçün müraciət elədi, amma 1 ildir əlillik dərəcəsi vermirlər. İki gün bundan əvvəl Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi rədd cavabı verdi, o da əsəbləşib elə etdi. Hadisədən sonra bircə kənd icra nümayəndəsi gəldi, marqlanan olmadı. Elə bil belə bir uşaq həyatda olmayıb”.
Akif Babayev bildirib ki, oğlunun ailəsi də sosial problemlərə görə dağılıb: “Bunun pulu yoxdur, sosial problemlərə görə ailəsi də dağıldı. 2 azyaşlı qızı da var. Həftədə 1 dəfə görür uşaqlarını. Mən özüm də şəkər xəstəsiyəm, problemlərdən boğaza yığılmışıq. Yoldaşımla mən sosial yardım alırıq, evə gələn 220 manatdır, onunla da dolanmaq olmur. 2 ailə 220 manatın ümidinə qalıb. Əməliyyatdan sonra oğlumun heç dərmanlarına da pul vermirlər” – deyə o, bildirib.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə sorğu göndərsək də, suallarımızı cavablandırmayıblar.
2020-ci noyabrında bitən İkinci Qarabağ Müharibəsindən sonra 50-dən çox müharibə iştirakçısı intihar edib və ya intihara cəhd göstərib.