“Orada şirkət təmsilçiləri tez-tez yerli icmalarla görüşməli, onları dinləməli idi, təəssüf ki, bu da olmayıb”
Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası Gədəbəyin Söyüdlü kəndində monitorinq aparmaq üçün ekologiya və təbii sərvətlər naziri Muxtar Babayevə müraciət ünvanlayıb.
Bu barədə məlumatı Abzas Media-ya koalisiyanın koordinatoru İlham Hüseynli verib.
Hüseynli bildirib ki, onlar məsələnin təkcə kimyəvi, tibbi tərəfini yox, eyni zamanda şirkətin yerli sakinlər qarşısında öhdəliklərilə bağlı da monitorinq aparmaq istəyirlər.
Onun sözlərinə görə, koalisiya üzvlərinin bu istiqamətdə təcrübəsi var və sonda hesabat hazırlayıb həm hökumətə, həm də ictimaiyyət nümayəndələrinə təqdim etmək istəyirlər:
“Söyüdlü sakinləri orada baş verənlərdən haqlı olaraq narazıdır. İnsan sağlamlığı üçün kifayət qədər təhlükəli olan sianid məhlulunun tullantı ərazilərinə axıdılması, orada müəyyən ekoloji fəsadların yaranması insanlarda təbii narahatlıq yaratdı. Orada şirkət təmsilçiləri tez-tez yerli icmalarla görüşməli, onları dinləməli idi, təəssüf ki, bu da olmayıb. Söyüdlü hadisələrindən sonra Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyasında qərara aldıq ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyinə rəsmən müracət edək ki, orada monitorinqlər aparaq. Daha sonra, nazirliyin ümumi şöbəsi ilə danışdım, dedilər, müraciətiniz qəbul olunub, nazirə məruzə ediləcək".
İlham Hüseynli deyir ki, əvvəllər mədən sənayesində monitorinqlərlə bağlı vəziyyət ürəkaçan olsa da, sonradan hökumətlə vətəndaş cəmiyyəti nümayəndələrinin bu istiqamətdəki əlaqələri kəsilib.
Onun sözlərinə görə, əvvəlki ictimai çıxışlarda monitorinqlərin aparılması ilə bağlı təkliflər səsləndirsələr də, hökumət heç bir reaksiya verməyib:
“Bizim ölkənin gəlirlərinin böyük hissəsi məhz mədən sənayesindən gələn gəlirlər hesabına formalaşır. Azərbaycan 2004-cü ildən Mədən Hasilatı üzrə Şəffaflıq Təşəbbüsünün ilk tamamhüquqlu üzvlərindən biri idi. Təəssüflər olsun ki, Azərbaycandakı insan hüquqlarının vəziyyətinə görə 2017-ci ildən
Azərbaycanın fəaliyyəti bu mötəbər qurumda dayandırıldı. Hökumət də bunu əsas götürüb emosional qərar verib qurumdan ümumiyyətlə çıxdığını bildirdi. Bu dövrə qədər Azərbaycanda vətəndaş cəmiyyətilə hökumət arasında bu istiqamətdə müəyyən əməkdaşlıqlar olurdu. Məsələn, monitorinqlərin keçirilməsi, gəlirlərlə bağlı məlumat, hesabatın alınması və s. Azərbaycan qurumdan çıxandan sonra vətəndaş cəmiyyətilə hökumət arasında əlaqələr kəsildi. Buna baxmayaraq, Azərbaycandakı Mədən Sənayesində Şəffaflığın Artırılması Koalisiyası fəaliyyətini davam etdirdi. Biz Söyüdlü hadisələrindən əvvəl də ictimai çıxışlarımızda həm Söyüdlüdə, həm də işğaldan azad olunan ərazilərdəki mədənlərdə monitorinq aparılması ilə bağlı müraciətlər etmişdik, ancaq bu istiqamətdə qarşılıq görməmişdik”.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.