“Hamını hədələyiblər ki, gələn jurnalistlərə müsahibə verməyin”
Gədəbəyin Söyüdlü kəndi 19 gündür polis nəzarətindədir.
Təhlükəsizliyinə görə adını açıqlamadığımız kənd sakini Abzas Media-ya deyir ki, Söyüdlüdə polis nəzarəti gücləndirilib:
“Gedəni-gələni yoxlayırlar, elə bil, bomba aparıb-gətiririk. Nə əsasla yoxlayırlar?! Bu polisləri bura niyə qoyublar, başa düşmürük. Biz terrorçuyuq? Hamıya təzyiq göstərirlər. Biz yaşamaq hüququmuzu tələb etmişik, niyə blokadaya almısınız bizi?! Biz bir ay gölün ətrafında ayaq döydük, icra bir dəfə ora gəlmədi. Sözümüzü deyə bilmirik. Hamı qorxur ki, gəlib uşağın evdən aparacaqlar. Nədir bizim günahımız?! Kənddə 100 metrdən bir polis var, heç hara tərpənə bilmirik”.
Kənd sakini deyir ki, aksiyadan sonra həbs olunanlardan heç kim azadlığa buraxılmayıb. Onun sözlərinə görə, həbs olunanların ailələrinə təzyiq göstərirlər deyə, onlar Bakıdan vəkillərin bu işə qoşulmasından imtina edirlər:
“Təzyiq edirlər ki, biz nə deyirik onu deyin, deməsəniz, sizi də həbs edəcəyik. Hamını hədələyiblər ki, gələn jurnalistlərə müsahibə verməyin. Mərkəzdə görüş olanda icra başçısı da dedi ki, müsahibə verməyin. Deyirlər ki, telefonlarınız dinlənilir. Mən də deyirəm, dinləsinlər, qorxmuram, yaşamaq hüququmu istəmişəm”.
Kənd sakini sianidli gölün ətrafa zərər verməməsi ilə bağlı rəsmi açıqlamalara inanmadığını deyir. O bildirir ki, gölə baxış keçiriləndə vətəndaşları əraziyə yaxın buraxmayıblar:
“Nazir özü o sənədlərə imza atıb. İndi gəlib yalandan gölə baxış keçirirlər, gölün məsafəsini genişləndirirlər. Gölə baxış keçiriləndə də camaatdan heç kim iştirak etmir. Təhlükənin olmadığına inanmırıq, ancaq öz xeyirlərinə nədir, onu deyirlər. Əhalini də aparıb tibbi yoxlanışdan keçirməyiblər, yalandan özlərinə sərf edəni deyirlər”.
Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilməyib.
İyunun 20-də Gədəbəyin Söyüdlü kənd sakinləri ekoloji problemlərə etiraz ediblər. Onlar bildiriblər ki, ərazidə fəaliyyət göstərən “Azerbaijan International Mining Company” şirkəti kənddə zərərli, kimyəvi tullantıların atılacağı ikinci göl yaratmağa çalışır. Buna etiraz edən sakinlər polis zorakılğına məruz qalıblar. Onlara qarşı gözyaşardıcı qazdan və rezin güllələrdən istifadə olunub.
Rəsmi şəxslər aksiyadan sonra 5 nəfərin inzibati həbs cəzası aldığını bildirsə də, Bakıda Söyüdlü sakinlərinə dəstək üçün təşkil olunan İşçi Qrupu 11 nəfərin həbs olunduğunu açıqlayıb. Onlardan 8-i inzibati qaydada həbs olunub, 3 nəfərə narkotik ittihamı ilə cinayət işi açılıb. İnzibati həbs olunanların qərarlarında qeyd olunub ki, onlar İnzibati Xətalar Məcəlləsinin 513-cü maddəsilə (Toplantıların təşkili və keçirilməsi qaydasının pozulması) ittiham olunublar.
DİN ilk aksiyada zorakılıq göstərən polis əməkdaşları ilə bağlı xidməti yoxlama aparıldığını bildirsə də, sonradan cəzalandırılan polisin olmadığını açıqlayıb.
Baş nazir Əli Əsədov göldə monitorinqlərin aparılması üçün komissiya yaradıb.