Azərbaycan dünya mətbuat azadlığı indeksində 180 ölkə arasında 151-ci yeri tutub
Sərhədsiz Reportyorlar Təşkilatının (RSF) açıqladığı 2023-cü il Dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 151-ci yeri tutub.
Azərbaycan ötən illə müqayisədə 3 pillə irəliləyib, ancaq təşkilatın Şərqi Avropa və Mərkəzi Asiya bürosunun rəhbəri Janna Kavelye deyir ki, irəliləmənin səbəbi Azərbaycanda “müsbətə doğru dəyişiklər” deyil, digər ölkələrin daha pis nəticə göstərməsidir.
Janna Kavelye bildirib ki, jurnalistika Azərbaycanda çox təhlükəli peşədir: “Azərbaycanın təşkil etdiyi Qlobal Media Forumu Azərbaycan mətbuatı üçün heç bir irəliləyiş olmadan başa çatır. Müstəqil media və jurnalistlər tədbirdən kənar tutulub. Sərhədsiz Reportyorlar İlham Əliyev rejiminin sərhədsiz ikiüzlülüyünü pisləyir”.
Siyahıda Ermənistan 49-cu, Gürcüstan 77-ci yeri tutub. Rusiya 164, Türkiyə isə 165-ci sırada qərarlaşıb.
İndeksdə 180 ölkədən 31-i "çox pis", 42-si "pis", 55-i "problemli", 52-si isə "yaxşı" və ya "kifayət qədər yaxşı" kimi qiymətləndirilib.
Hökumət təmsilçiləri adətən bu hesabatların qərəzli olduğunu bildirirlər.