Köməkçisi: “Bir az halı pisləşib, hamıda olur”
Azərbaycanın keçmiş Baş naziri Surət Hüseynovun səhhəti pisləşib, İstanbulda xəstəxanaya yerləşdirilib.
Yerli mətbuat onun ölümü ilə bağlı məlumat yaysa da, Surət Hüseynovun köməkçisi Könül Sərdarlı Abzas Media-ya bunu təkzib edib.
O, S.Hüseynovun səhhətinin pisləşdiyini təsdiqləsə də, ciddi bir probleminin olmadığını deyib:
“Onun heç bir xəstəliyi yoxdur. Bir az özünü pis hiss edib, hazırda xəstəxanadadır. Türkiyədən Rusiyaya gedərkən təyyarədə halının pisləşməsilə bağlı məlumat da yanlışdır. İstanbulda yaşayırdı, elə orda da halı pisləşib. Hamıda belə hallar olur. Yeni bir şey olarsa, məlumat verəcəyik” – deyə Könül Sərdarlı bildirib.
Surət Hüseynov 1989-1991-ci illərdə Azərbaycan SSR Ali Sovetinin XII çağırış deputatı olub.
1993-cü ilin iyununda tabeliyindəki hərbi birləşmə ilə Xalq Cəbhəsi hökumətinə qarşı qiyam qaldırıb. Qiyam Azərbaycanda hökumət dəyişikliyinə səbəb olub.
1993-cü ildə Baş nazir müavini, 1993-94-cü illərdə isə Baş nazir olub. O, 1994-cü ilin oktyabrında həm parlamentdən, həm də Baş nazir postundan uzaqlaşdırılıb. Elə həmin il Milli Məclis onun toxunulmazlığını götürüb.
1997-ci ildə Rusiyada saxlanılaraq Azərbaycana gətirilən və sonradan ömürlük həbs edilən keçmiş Baş nazir 2004-cü ildə prezidentin əfv sərəncamı ilə azadlığa çıxıb. O, Türkiyədə yaşayır.