İran məhkəməsi Fərid Səfərliyə “son söz” üçün avqustun 3-nə qədər vaxt verib
Martın 3-də İrana səfəri zamanı casusluq ittihamı ilə həbs edilən Fərid Səfərlinin anası Dilarə Əsgərova hökumətdən dəstək görmədiklərini bildirib.
O, bu barədə özünün “Facebook” hesabında yazıb.
D.Əsgərova bildirib ki, yaxın günlərdə oğluna hökm oxunacaq: “Son vaxtlar Fərid məhkəmədə ciddi psixoloji təzyiqə məruz qalır. Bəzi məsələrlə bağlı vəkilə ehtiyacı olduğunu bildirirdi. Azərbaycanın İrandakı Konsulluğu bir neçə vəkili məsləhət görsə də, razılaşa bilmədik. Xidmət haqqını fantastik həddə yüksək tələb edirlər. Təkcə Fəridin telefon zənglərinə cavab verməyə görə 5000 dollar istəyirlər. Məhkəmə prosesində iştiraka görə isə daha ağlasığmaz bir məbləğ...”, – deyə o bildirib.
Fərid Səfərlinin anası qeyd edib ki, bu məbləği ödəməyə imkanı yoxdur.
Onun sözlərinə görə, məhkəmədə Azərbaycan tərəfdən heç kimin iştirak etməməsi oğlunu çox narahat edir.
“Fərid dedi ki, ona qarşı irəli sürülən ittihama dair heç bir sübut yoxdur. Yalnız məsləhət almaq üçün bu məbləği vermək mənasızdır. Qərara aldıq ki, Fəridi Azərbaycandan bir vəkillə əlaqələndirək ki, zəng edib suallar verə bilsin. İki vəkil heç bir ödəniş olmadan Fəridə kömək edə biləcəklərini dedilər. Azərbaycanın İrandakı Konsulluğundan Fəridlə vəkillər arasında telefon əlaqəsi yarada bilməyəcəklərini bildirdilər. Bu ümidimiz də puç oldu. Fərid çox gərgin danışırdı. Hakimin psixoloji təzyiqləri, bu günə qədər vəkillə təmin olunmaması onu çox narahat edir”.
Məsələ ilə bağlı Azərbaycan Xarici İşlər Nazirliyilə əlaqə saxlamağa çalışsaq da, zənglərimizə cavab verilmədi.
Almaniyada tibb təhsili alan azərbaycanlı tələbə Fərid Səfərli İrana səfəri zamanı, martın 3-dən etibarən itkin düşmüşdü. Ailəsi bildirirdi ki, o, İrana rəfiqəsi ilə görüşməyə gedib, bundan sonra Almaniyadakı tələbə yoldaşlarına zəng edib geri qayıtması üçün bilet almalarını xahiş edib. Ancaq sonradan onunla əlaqə kəsilib. Xarici İşlər Nazirliyi bununla bağlı İrana nota ünvanlayıb məlumat istəsə də, onlar cavab vermirdi. Yalnız üç ay sonra, iyunun 2-də Səfərlinin İranda casusluq ittihamı ilə həbs edildiyi məlum olub. 2 avqustda Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayaraq bildirib ki, Fərid Səfərliyə qarşı məhkəmə iclasında irəli sürülmüş "casusluq” ittihamı "casusluq etmək niyyəti” ittihamı ilə əvəz olunub.