Avropa İnsan Hüquqları Məhkəməsi keçmiş deputat Gültəkin Hacıbəylinin gizli dinləmə və şəxsi həyatına müdaxilə iddiaları ilə bağlı şikayətini kommunikasiya edib və Azərbaycan hökumətindən bir sıra suallara cavab istəyib
Keçmiş deputat, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Gültəkin Hacıbəylinin Bakıdakı xarici diplomatlarla görüş və telefon danışıqlarının gizli dinlənilməsi, daha sonra səs yazılarının televiziyada yayımlanması ilə bağlı şikayəti üzrə Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) Azərbaycan hökumətinə sorğu göndərib.
“Azadlıq Radiosu”nun məlumatına görə, Hacıbəyli Strasburq məhkəməsinə müraciətində Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyata hörmət), 10-cu (ifadə azadlığı) və 18-ci (hüquqların siyasi məqsədlərlə məhdudlaşdırılmasının qadağan edilməsi) maddələri ilə təmin olunan hüquqlarının pozulduğunu iddia edib.
Şikayətə görə, 2019-cu il oktyabrın 8-də beynəlxalq təşkilat nümayəndəsi ilə restoranda görüşü və oktyabrın 19-da Azərbaycandakı səfirlik əməkdaşı ilə telefon danışığı gizli şəkildə qeydə alınıb. Həmin səs yazıları oktyabrın 20-də televiziya efirində yayımlanıb.
Hacıbəyli bu hadisədən sonra onu izləyən, danışıqlarını dinləyən və səs yazılarını yayan şəxslərin müəyyən edilərək məsuliyyətə cəlb olunması tələbi ilə Baş Prokurorluğa müraciət edib. Lakin prokurorluq hadisədə cinayət tərkibi olmadığını bildirərək 2019-cu il dekabrın 6-da cinayət işi başlanmasından imtina edib. O, həmçinin bu qərarın surətinin ona təqdim olunmadığını qeyd edib.
Daha sonra prokurorluğun qərarından məhkəməyə şikayət verilsə də, yerli məhkəmələr işi icraata götürməyib. Səbəb kimi şikayətə imtina qərarının əlavə olunmaması göstərilib. Hacıbəyli isə həmin sənədin ona verilmədiyini bildirib və yuxarı instansiyalara müraciət edib.
Daxili hüquq müdafiə vasitələri nəticə vermədikdən sonra o, AİHM-ə üz tutub. Şikayətində iddia olunur ki, dövlət orqanları onun danışıqlarını qanunsuz dinləyib, qeydə alıb və jurnalist Mirşahin Ağayevə ötürüb. Hacıbəyli baş verənlərin siyasi fəaliyyəti ilə bağlı olduğunu vurğulayıb.
AİHM-in hökumətə ünvanladığı suallar arasında ərizəçinin məhkəməyə çıxış imkanlarının təmin olunub-olunmaması, şəxsi həyat və yazışma toxunulmazlığı hüququnun pozulub-pozulmaması kimi məsələlər yer alır.
2019-cu il oktyabrın 20-də “Real TV” kanalında Hacıbəylinin ABŞ səfirliyi və Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyinin diplomatları ilə telefon danışığı və görüşünə dair səs yazıları yayımlanmışdı. Daha sonra digər media orqanları da bu materialları tirajlamışdı. Bir müddət sonra kanal həmin verilişi “YouTube” platformasından silib.
Həmin proqramda jurnalist Mirşahin Ağayev ABŞ-ni Azərbaycanın daxili işlərinə müdaxilədə ittiham etmiş, Hacıbəylini isə “casus” adlandırmışdı. ABŞ səfirliyi isə yayımlanan ittihamları “yalan və absurd” adlandıraraq bəyanatla çıxış etmiş, materialların internetdən silinməsini müsbət qiymətləndirmişdi.
Gültəkin Hacıbəyli o vaxt açıqlamasında diplomatlarla görüş və telefon danışığının baş tutduğunu təsdiqləyərək, telefonunun gizli dinlənildiyini və görüşdən əvvəl xəbərdar olan şəxslərin restoranda masaya dinləmə qurğusu yerləşdirdiyini ehtimal etdiyini bildirmişdi.