The Wall Street Journal: “Tramp İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşmağı tapşırıb”

The Wall Street Journal: “Tramp İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşmağı tapşırıb” Foto: White House Photo
29 Aprel 2026
Mətni dəyiş

ABŞ prezidenti Donald Trampın öz komandasına İrana qarşı uzunmüddətli dəniz blokadasına hazırlaşmaq göstərişi verdiyi bildirilir. Məlumatı “The Wall Street Journal” amerikalı rəsmilərə istinadən yayıb.

Nəşrin yazdığına görə, son müşavirələrdə Tramp İran iqtisadiyyatına və neft ixracına təzyiqi davam etdirmək üçün ölkənin limanlarının blokadasını gücləndirməyə qərar verib. ABŞ prezidenti hesab edir ki, digər variantlar - hərbi zərbələrin bərpası və ya münaqişədən çıxış – daha böyük risklər daşıyır.

Nəşr qeyd edir ki, blokadanın davam etdirilməsi enerji daşıyıcılarının qiymətinin artmasına səbəb olan münaqişəni uzadır, bu isə Trampın reytinqlərinə mənfi təsir göstərir və respublikaçıların aralıq seçkilərdə perspektivlərini zəiflədir.

Mənbələrin sözlərinə görə, Tramp hazırda İran limanlarının qeyri-müəyyən müddətə blokadada saxlanılması variantını qənaətbəxş hesab edir. Onun fikrincə, bu addım Tehranın “çöküşünə” gətirib çıxara bilər. ABŞ rəsmilərindən biri bildirib ki, blokada İran iqtisadiyyatını zəiflədir və ölkəni danışıqlara sövq edir.

“Reuters” agentliyinin məlumatına görə, ABŞ kəşfiyyatı Trampın mümkün şəkildə ABŞ-nin müharibədə qələbəsini elan edəcəyi halda İranın reaksiyasını araşdırır. Məqsəd ABŞ-nin münaqişədən potensial çıxışının nəticələrini qiymətləndirməkdir.

Yaxın Şərqdə müharibə başlayandan sonra İran Hörmüz boğazını bağlayıb. Daha sonra ABŞ İran limanlarına qarşı dəniz blokadası tətbiq edib. “Axios” aprelin 27-də yazıb ki, Tehran Hörmüz boğazının açılması və müharibənin dayandırılmasını nəzərdə tutan təklifini Vaşinqtona təqdim edib.

Bununla yanaşı, İran nüvə proqramı ilə bağlı danışıqların daha sonraya saxlanılmasını təklif edir. “Reuters”in məlumatına görə, planın ilk mərhələsi atəşkəs və gələcəkdə hücum etməmək zəmanətini nəzərdə tutur. Daha sonra ABŞ-nin blokadanı aradan qaldırması və Tehranın nəzarətdə saxlaması istənilən Hörmüz boğazının statusunun müəyyənləşdirilməsi təklif olunur.

“Reuters” və “The Wall Street Journal” yazır ki, Tramp və komandası İranın yeni təklifindən narazıdır.

 

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun