Azər Qasımlının apellyasiya şikayəti üzrə keçirilən növbəti məhkəmə iclasında müdafiə tərəfinin əsas vəsatətləri təmin edilməyib
Aprelin 27-də Bakı Apellyasiya Məhkəməsində Siyasi Menecment İnstitutunun direktoru, siyasətçi Azər Qasımlının işi üzrə növbəti məhkəmə prosesi keçirilib.
Bu barədə siyasətçinin həyat yoldaşı Samirə Qasımlı “Abzas Media”ya məlumat verib.
Onun sözlərinə görə, hakim Zəfər Əhmədovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş kimi tanınan Qurbanəli Yusifov və onun vəkili iştirak etməyib.
Vəkil Rövşanə Rəhimli qarşı tərəfin prosesdə iştirak etməməsinə etiraz edib və müdafiə tərəfinin Qurbanəli Yusifova suallarının olduğunu bildirib.
Müdafiə tərəfi qismən istintaqın keçirilməsi və Azər Qasımlıya qarşı hədə-qorxu ittihamı irəli sürən Qurbanəli Yusifovun keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevanın yenidən ifadə verməsi barədə də vəsatətlər verib.
Rövşanə Rəhimli vurğulayıb ki, Fərəhbanu Niftəliyevanın ifadə verməsi Azər Qasımlıya qarşı irəli sürülən ittihamların əsassız olduğunu sübuta yetirə bilər. Qeyd edilib ki, Niftəliyevanın şahid kimi ifadə verməsi ilə bağlı məhkəmə qərarı var və bu qərar icra olunmalıdır.
Eyni zamanda bildirilib ki, Qurbanəli Yusifov keçmiş həyat yoldaşı Fərəhbanu Niftəliyevaya məxsus ünvanda yaşadığını və elə orada Azər Qasımlının təhdidlərinə məruz qaldığını iddia edib. Halbuki həmin dövrdə sözügedən şəxslər artıq rəsmi şəkildə boşanmışdılar və Yusifovun həmin ünvanda olması mümkün deyildi. Həmçinin qeyd olunub ki, zərərçəkmiş kimi tanınan şəxs Azər Qasımlının onun övladını oğurlayacağı ilə təhdid etdiyini iddia edib. Müdafiə tərəfi bu ziddiyyətlərə aydınlıq gətirmək üçün Fərəhbanu Niftəliyevanın dindirilməsinin vacibliyini vurğulayıb.
Azər Qasımlı da vəsatətləri müdafiə edib.
“Qurbanəli Yusifov həm ibtidai istintaq, həm də məhkəmə istintaqı dövründə ziddiyyətli ifadələr verib. O, özü gəlib burada oturmalıdır və biz ona suallarımız verməliyik. Eyni zamanda, özünü zərərçəkən kimi təqdim edən Yusifov onun uşağını oğurlamaqla, ailəsini dağıtmaqla təhdid etdiyimi deyir. Necə olur ki, bununla bağlı uşağın atasına danışmaq hüququ verilir, amma anasının danışmağına imkan yaradılmır? Bu hüquq həm də uşağın anasına tanınmalıdır. Ona görə də Fərəhbanu Niftəliyeva mütləq şəkildə məhkəməyə gəlib şahid kimi dindirilməlidir”.
Prokuror isə Qurbanəli Yusifovun birinci instansiya məhkəməsində bütün sualları cavablandırdığını əsas gətirərək vəsatətlərə etiraz edib.
Məhkəmə müdafiə tərəfinin heç bir vəsatətini təmin etməyib.
Növbəti məhkəmə prosesi mayın 11-nə təyin edilib.
Azər Qasımlı 2024-cü il dekabrın 8-də saxlanılıb və 2026-cı il martın 11-də 12 il müddətinə azadlıqdan məhrum edilib. Hökmə əsasən, o, Cinayət Məcəlləsinin 182.3.2-ci maddəsi (külli miqdarda əmlak əldə etmək məqsədilə hədə-qorxu ilə tələbetmə) ilə təqsirli bilinib. İttihama görə, Qasımlı Qurbanəli Yusifovu övladını qaçırmaq və atasını öldürmək hədəsi ilə pul verməyə məcbur edib.
Azər Qasımlı ittihamları qəbul etmir və həbsinin siyasi sifariş olduğunu bildirir.
Foto: Amerikanın Səsi