İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib

İlham Əliyev Avropa İttifaqı Şurasının nümayəndə heyətini qəbul edib
4 Oktyabr 2017
Mətni dəyiş

Bu gün, oktyabrın 4-ü prezident İlham Əliyev Avropa Birliyi (AB) Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri Walter Stevens-in rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqların tərkibinə 28 üzv dövlətin nümayəndələri daxildir.

"AZƏRTAC"-ın məlumatına görə, prezident İ.Əliyev çıxışında Dağlıq Qarabağ mövzusuna toxunub. O deyib ki, Ermənistan Azərbaycan ərazisinin bir hissəsini işğal edib. Həmin ərazilərdə etnik təmizləmə siyasəti aparılıb.

Azərbaycan-Avropa Birliyi əlaqələrinə toxunan dövlət başçısı quruma üzv ölkələrlə əməkdaşlığın yüksək səviyyədə olduğunu, iqtisadi əməkdaşlığın inkişaf etdiyini bildirib. O, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolunu vurğulayıb.

İ.Əliyev daha sonra deyib ki, son illərdə Azərbaycan iqtisadiyyatı bir sıra nailiyyətlər əldə edib. Azərbaycan irimiqyaslı enerji və nəqliyyat layihələrini icra edir.

Dövlət başçısı çıxışında Azərbaycanın beynəlxalq terrorizmlə mübarizədə fəal rol oynadığını da qeyd edib. İlham Əliyev vurğulayıb ki, Azərbaycanda demokratiya və bütün azadlıqlar təmin olunur.

Sonra Avropa Birliyi Şurasının Siyasi və təhlükəsizlik komitəsinin sədri W.Stevens, qurumun Brüsseldə akkreditə olunmuş Fransa, Bolqarıstan, Almaniyadan olan səfirləri çıxış ediblər.

Rəsmi agentlik onların çıxışına yer ayırmayıb.

AB Şurasının nümayəndələri oktyabrın 3-ü Azərbaycana gəliblər.

XATIRLATMA

Azərbaycan Avropa Birliyi ilə əsası 2009-cu ildə qoyulan "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində əməkdaşlıq edir.

"Şərq Tərəfdaşlığı" Avropa Birliyinin altı qonşu ölkəsini əhatə edir. Bura Azərbaycan, Gürcüstan, Moldova, Ukrayna, Belarus və Ermənistan daxildir. Bu ölkələrdən Gürcüstan, Moldova və Ukrayna qurumla assosiasiya sazişi imzalayıb.

2016-cı il iyulun 6-da isə Azərbaycanla Avropa Birliyi arasında çərçivə sazişi üzrə sənəd qəbul edilib. Çərçivə sənədi təhsil, səhiyyə, mədəniyyət, sosial, iqtisadi, enerji və siyasi sahələrdə Azərbaycanla əməkdaşlığın prinsiplərini müəyyən etməlidir.

Bu ilin fevralından isə ikitərəfli danışıqlar başlayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun