Azərbaycanda məhkəmə qərarı olmadan ittiham xarakterli məlumatların yayılması və şəxslərin təqsirli kimi təqdim edilməsi zaman-zaman müzakirə mövzusuna çevrilir.
Mart ayında Ali Məhkəmə təqsirsizlik prezumpsiyası ilə bağlı yaydığı izahda vurğulayıb ki, qanuni qüvvəyə minmiş ittihamedici hökm olmadan heç bir şəxs cinayət törətməkdə təqsirli hesab edilə və ya bu cür təqdim oluna bilməz. Məhkəmə bildirib ki, bu prinsip ibtidai istintaq mərhələsinə də şamil olunur və mediada şəxslərin "cinayətkar" kimi təqdim edilməsi Konstitusiyanın 63-cü maddəsinin pozuntusu sayılır.
Qərara görə, təqsirsizlik prezumpsiyası pozulduğu halda zərərçəkən şəxslər həm hüquqlarının müdafiəsini, həm də mənəvi zərərin kompensasiyasını tələb edə bilərlər.
Ali Məhkəmənin açıqlamasından sonra bəzi media qurumları bu prinsipə daha ehtiyatla yanaşmağa çalışsalar da, praktika qısa müddətdə əvvəlki vəziyyətə qayıdıb.
Məsələn, “İctimai TV” hüquq-mühafizə orqanlarının əməliyyatları ilə bağlı süjetlərdən birində təqsirləndirilən şəxsin üzünü gizlədərək təqdim edib. Həmin şəxs prezident ailəsini şantaj etməkdə ittiham olunurdu. Lakin sonradan “REAL TV” eyni şəxsin kimliyini açıq şəkildə yayımlayıb. Eyni zamanda, müxtəlif media resurslarında azyaşlıların görüntülərinin senzurasız paylaşılması halları da davam edir.
Bu vəziyyət əsas sualı gündəmə gətirir: təqsirsizlik prezumpsiyası ilə medianın ictimai maraq doğuran məlumatları operativ şəkildə yaymaq funksiyası arasında balans necə qorunmalıdır?
Qanun nə deyir?
Təqsirsizlik prezumpsiyası Azərbaycan Konstitusiyasının 63-cü maddəsində təsbit olunub. Bu prinsipə görə, hər kəs təqsirsiz hesab olunur və onun təqsiri yalnız qanuni qüvvəyə minmiş məhkəmə hökmü ilə müəyyən edilə bilər.
Eyni prinsip Cinayət-Prosessual Məcəllədə cinayət təqibinin əsas qaydalarından biri kimi göstərilir. Məcəlləyə əsasən, aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə şərh edilməlidir.
Təqsirsizlik prezumpsiyası beynəlxalq hüquqla da qorunur. Azərbaycanın qoşulduğu Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsi hər kəsin təqsiri sübuta yetirilənədək təqsirsiz sayılmasını nəzərdə tutur.
Yerli qanunvericilik media üçün də bu sahədə konkret çərçivələr müəyyən edir. “Media haqqında” Qanun media subyektlərindən məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olmadan şəxsləri cinayətkar kimi təqdim etməməyi tələb edir. Oxşar tələblər Mətbuat Şurasının Peşə Davranışı Qaydalarında və audiovizual media ilə bağlı normativ aktlarda da əksini tapıb.
Bəs, bu normalar praktikada nə dərəcədə işləyir?
Hüquqşünas Fariz Namazlı deyir ki, indiyədək Azərbaycanda təqsirsizlik prezumpsiyasının pozulmasına qarşı aydın və effektiv müdafiə mexanizmi mövcud olmayıb.

Onun sözlərinə görə, Avropa İnsan Hüquqları Məhkəməsi də Azərbaycana qarşı qərarlarında bu hüququn müdafiəsi üçün səmərəli daxili vasitələrin olmadığını qeyd edib.
“Belə hallarda Avropa Məhkəməsi hesab edirdi ki, təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı məlumat yayıldıqdan sonra şəxs dörd ay ərzində birbaşa Strasburq Məhkəməsinə müraciət edə bilər və daxili məhkəmə instansiyalarını keçməsi zəruri deyil”, - Namazlı deyir.
Hüquqşünasın sözlərinə görə, Ali Məhkəmənin Plenumu son qərarı ilə bu sahədə daxili müdafiə mexanizmi formalaşdırmağa çalışıb. Yeni yanaşmaya əsasən, təqsirsizlik prezumpsiyasının pozulduğunu hesab edən şəxslərə mənəvi zərərin ödənilməsi tələbi ilə yerli məhkəmələrə müraciət etmək tövsiyə olunur.
Lakin Namazlı bu yanaşmada mübahisəli məqamların qaldığını deyir.
Onun sözlərinə görə, Avropa Məhkəməsinin təcrübəsində təqsirsizlik prezumpsiyasının pozuntusu əsasən dövlət orqanlarının davranışı ilə əlaqələndirilir.
“Əgər ittihamedici bəyanat dövlət orqanı tərəfindən səsləndirilirsə, bu, Konvensiyanın 6-cı maddəsinin ikinci bəndinin pozuntusu sayıla bilər. Məlumat media qurumu tərəfindən yayılıbsa, məsələ artıq təqsirsizlik prezumpsiyasından çox şəxsi həyata hörmət hüququ kontekstində qiymətləndirilir”, - o bildirir.
Namazlı qeyd edir ki, Ali Məhkəmənin Plenumu dövlət orqanları ilə media arasında belə bir fərqləndirmə aparmayıb.
“Azərbaycanda məsuliyyət yalnız məlumatın yayıldığı şəxs mənəvi zərərin ödənilməsi ilə bağlı iddia qaldırdığı halda yarana bilər”, – hüquqşünas deyir.
Onun sözlərinə görə, Avropa Məhkəməsi istintaq altında olan şəxslərlə bağlı məlumatların yayılmasını ümumilikdə qadağan etmir. Əsas şərt budur ki, istifadə olunan ifadələr şəxsi məhkəmə hökmü olmadan cinayətkar kimi təqdim etməsin.
Namazlı xatırladır ki, Avropa Məhkəməsi Xədicə İsmayılovanın işi ilə bağlı Prokurorluğun yaydığı “Xədicə İsmayılovanın qanunsuz əməlləri ifşa edildi” ifadəsini təqsirsizlik prezumpsiyasının pozuntusu kimi qiymətləndirib.
Əgər oxşar məlumatları media yayırsa, Avropa Məhkəməsi fərqli yanaşma tətbiq edir. Bu zaman bir tərəfdən şəxsin şəxsi həyata hörmət hüququ, digər tərəfdən isə medianın ifadə azadlığı nəzərə alınır.
“Məhkəmə bu hüquqlardan heç birini digərindən üstün hesab etmir. Hər iş ayrıca qiymətləndirilir. Balanslaşdırma zamanı məlumatın ictimai marağa xidmət edib-etmədiyi, şəxsin tanınmışlıq səviyyəsi, əvvəlki fəaliyyəti, eləcə də yayımın məzmunu, forması və nəticələri nəzərə alınır”, – Namazlı deyir.
Media bu prinsipi qoruyurmu?
Son illərdə jurnalistlər, media nümayəndələri və vətəndaş cəmiyyəti fəallarına qarşı açılmış cinayət işlərinin işıqlandırılması zamanı təqsirsizlik prezumpsiyasının qorunması ilə bağlı suallar tez-tez gündəmə gəlib.
Bir çox hallarda məhkəmə hökmü olmadan şəxslər haqqında ictimai rəy hakimiyyətə yaxın media qurumlarının materialları vasitəsilə formalaşdırılıb. İstintaq davam etdiyi halda bəzi media orqanlarında həmin şəxslər sadəcə saxlanılan və ya təqsirləndirilən şəxs kimi deyil, artıq cinayət sxeminin iştirakçısı və ya hüquqpozma törətmiş şəxs kimi təqdim olunublar.
“Abzas Media işi” üzrə həbs edilən araşdırmaçı jurnalist Hafiz Babalı da həbsxanadan göndərdiyi müraciətlərdə barəsində aparıldığını bildirdiyi “qara PR” kampaniyasından şikayət edib. O, “Qafqazinfo”, “Baku TV” və digər hökumətyönlü media qarşı təkzib, üzr və mənəvi zərərin ödənilməsi tələbi ilə məhkəməyə müraciət etdiyini açıqlayıb.
Babalı bildirib ki, haqqında yayımlanan materiallarda onun mövqeyi öyrənilməyib, yazılar birtərəfli xarakter daşıyıb və məqsəd ictimai rəyə təsir göstərmək olub.
“Media haqqında” Qanuna istinad edən jurnalist qeyd edib ki, media materiallarında şərəf və ləyaqətin alçaldılmasına, böhtana və birtərəfli təqdimata yol verilməməli, faktlar qərəzsiz və obyektiv şəkildə təqdim olunmalıdır. O hesab edir ki, qanunvericilikdə nəzərdə tutulan bu tələblər praktikada hər zaman tətbiq edilmir.
“Lakin gördüyünüz kimi, mediamız bu cür natəmiz məlumatlarla çirkləndirilməkdədir, dövlət qurumları isə sanki bu halları görmür. Hərçənd, ən azı, həbsdə ikən telekanallarda izlədiyim xəbərlərə inansaq, Media Agentliyi dezinformasiya və saxta xəbərlərlə mübarizə məqsədilə maddi dəyəri yüz min manatlarla hesablanan seminar və konfranslar təşkil edir. Öz nümunəmdə əminliklə deyə bilərəm ki, bir çox yerli KİV bu mübarizəni ya sabotaj edir, ya da onlar hansısa səbəbdən arxalı köpəklər kimi toxunulmazdır”, - Babalı müraciətində qeyd edib.
Bu müzakirələr fonunda hökumətin təqsirsizlik prezumpsiyası və şəxsi həyatın toxunulmazlığı arqumentləri ilə yeni məhdudiyyətləri gündəmə gətirməsi əlavə suallar doğurur. Müzakirələrin mərkəzində duran əsas məsələ budur: təklif edilən dəyişikliklər həqiqətən hüquqların müdafiəsini gücləndirməyə xidmət edəcək, yoxsa media üzərində əlavə nəzarət mexanizmi yaradacaq?
Media eksperti Rövşən Əliyev hakimiyyətin son ritorikasını hüquq sisteminin təkmilləşdirilməsi cəhdi kimi qiymətləndirməyin çətin olduğunu deyir. Onun sözlərinə görə, əvvəlki illərdə qanunvericiliyin beynəlxalq standartlara uyğunlaşdırılması proseslərində də hüquq sisteminin keyfiyyətcə yaxşılaşdırılması əsas prioritet kimi görünməyib.

Əliyev hesab edir ki, hüquqi normalara edilən dəyişikliklər çox vaxt siyasi sistemin maraqları ilə uzlaşıb və hazırkı yanaşma da istisna deyil.
“Yeni hansı şərait yaranıb ki, Azərbaycan hakimiyyəti sivil hüquq qaydalarını önə çəkməyi vacibliyindən danışır? Beynəlxalq təzyiq yoxdur və yaxın vaxtda olacağı da gözlənmir. Əksinə, bu təzyiq Tramp hakimiyyətə gələndən bəri tam yoxa çıxıb. Bəs, yeni olan nədir? Azərbaycanda kompromat müharibəsi. Bu müharibə hətta sistemin nəzarətindəki medianın özfəaliyyətə keçməsi və sistemdaxili oyunçuların fəallaşması risqini yaradıb. Ona görə mediaya mərkəzləşdirilmiş nəzarəti möhkəmlətmək üçün əlavə vasitələr lazımdır”, – o deyir.
Ekspertin fikrincə, təqsirsizlik prezumpsiyası və şəxsi həyatın toxunulmazlığının qorunması kimi legitim prinsiplər gələcəkdə media üzərində əlavə təsir mexanizmlərinə çevrilə bilər.
“Bu yanaşma qərar qəbul edən şəxslərin və onların ailə üzvlərinin adlarının hallandığı materialların qarşısını almaq baxımından hakimiyyət üçün faydalı görünə bilər. Digər mümkün izahlardan biri Avropa Məhkəməsində uduzulan işlərin sayını azaltmaq cəhdi ola bilər. Lakin indiyədək bu, hakimiyyətin əsas prioritetlərindən biri kimi görünməyib”, - Əliyev bildirir.
Təqsirsizlik prezumpsiyası həm Azərbaycan qanunvericiliyində, həm də ölkənin qoşulduğu beynəlxalq konvensiyalarda təsbit olunan fundamental hüquqlardan biridir. Bu prinsipin qorunması yalnız məhkəmələrin və istintaq orqanlarının deyil, ictimai rəyin formalaşmasında mühüm rol oynayan medianın da məsuliyyətinə daxildir.
Lakin son illərin təcrübəsi göstərir ki, problem qanunların mövcudluğundan çox, onların tətbiqi ilə bağlıdır. Bir tərəfdən, məhkəmə hökmü olmadan şəxslərin cinayətkar kimi təqdim edilməsi həm hüquqi dövlət prinsipinə, həm də fərdlərin reputasiya hüququna zərbə vurur. Digər tərəfdən, təqsirsizlik prezumpsiyası və şəxsi həyatın toxunulmazlığı kimi legitim hüquqi prinsiplərin media fəaliyyətinə əlavə məhdudiyyətlər tətbiq etmək üçün istifadə oluna biləcəyi ilə bağlı narahatlıqlar da qalır.
Bu səbəbdən müzakirə yalnız hüquqi mexanizmlərin sərtləşdirilməsi ətrafında deyil, onların necə və kimlərə münasibətdə tətbiq ediləcəyi ətrafında gedir. Təqsirsizlik prezumpsiyasının müdafiəsi selektiv xarakter daşımadıqda və həm dövlət qurumlarına, həm də media subyektlərinə bərabər şəkildə tətbiq olunduqda hüquqların real müdafiə vasitəsinə çevrilə bilər. Əks halda, bu prinsipin özü ictimai maraq doğuran məlumatların yayılmasına nəzarət üçün əlavə alətə çevrilmək riski ilə üz-üzə qala bilər.
