Vəkil deyib ki, Müstəntiq işin yaxın günlərdə məhkəməyə göndəriləcəyini bildirib
Hazırda həbsdə olan gənc fəal Qiyas İbrahimovun və atası Həsən İbrahimovun haqqında Cinayət Məcəlləsinin 289.2. maddəsi ilə açılan cinayət işinin istintaqı oktyabrın 3-də yekunlaşıb.
Bu barədə Meydan TV-yə vəkil Elçin Sadıqov məlumat verib. Vəkilin sözlərinə görə, hakimlərin zərərçəkmiş şəxs qismində tanınması ilə bağlı vəsatət verilsə də, rədd edilib:
“Eyni zamanda, hər iki şəxs haqqında cinayət işinə xitam verilməsi vəsatəti verilib. Həmin vəsatətin nəticəsi barədə isə qərar qəbul olunmayıb”.
Müstəntiq Malik Səfərov vəkilə yaxın günlərdə işi Yasamal Rayon Məhkəməsinə göndəriləcəyini bildirib.
Cinayət Məcəlləsinin 289.2 (Məhkəməyə hörmətsizlik etmə) maddəsi ilə H.İbrahimov üç yüz manatdan beş yüz manatadək miqdarda cərimə ödəyə, iki ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıla bilər.
Həsən İbrahimovun oğlunun məhkəməsi zamanı hakimə “balalarınızın qarşısına çıxacaq” ifadəsi məhkəməyə təhqir kimi qiymətləndirilib.
Qiyas İbrahimov və Bayram Məmmədov ötən ilin mayın 10-da saxlanıb.
Onlar Cinayət Məcəlləsinin 234-cü (qanunsuz olaraq narkotik vasitələri saxlama, daşıma, göndərmə və ya satma) maddəsilə ittiham edilirlər.
Oktyabrın 25-i Bakı Ağır Cinayətlər Məhkəməsində gənc fəal Qiyas İbrahimova 10 il həbs cəzası verilib.
Hər iki gənc ittihamla razılaşmır və işgəncə altında ifadə verməyə məcbur edildiklərini bildirir.
Daxili İşlər Nazirliyi və Ombudsman Aparatı gənclərə işgəncə verilməsini təkzib edib.